AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirildi.
Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın “OpenStack açıq tipli cloud əməliyyat sistemi” mövzusuna həsr olunduğunu bildirdi.
Mövzuya dair çıxış edən institutun baş mütəxəssisi Tural Mustafayev bildirdi ki, bulud sistemi qurmaq üçün açıq mənbəli əməliyyat sistemi olan OpenStack virtual maşınlar, konteynerlər və fiziki maşınlar üçün bir platformaya sahib olmağa imkan verən və proqramlaşdırıla bilən infrastrukturdur.
OpenStack cloud modelləri haqqında məlumat verən məruzəçinin sözlərinə görə, “Public cloud” modeli istifadə qiymətinə görə münasib olan, digər hesablama sistemlərində həlli mümkün olmayan məsələlərin həllini, böyük miqyaslanma imkanlı veb-saytların və ya biznes-sistemlərinin yaradılmasını təklif edir.
“Private cloud” modeli isə yalnız bir təşkilat üçün istifadə və idarə olunur. Buna görə də, məlumat, xidmətlər və proqramlardan hər kəs yalnız təşkilat daxilində istifadə imkanına malikdir.
Bir və daha artıq buludun birləşməsindən meydana çıxan “Hybrid cloud” modeli (ictimai, xüsusi və kollektiv) bir sıra daxili və xarici bulud provayderləri tərəfindən istifadə olunur.
Sonra T.Mustafayev açıq tipli əməliyyat sisteminin üstünlüklərindən söz açdı. Qeyd etdi ki, buraya azad seçim etmək və satıcıları (istehsalçıları) dəyişmək imkanı, inkişaf xəritəsinə kömək etmək və ya birbaşa təsir etmək bacarığı, cəmiyyətin bir hissəsi olmaq: məlumatları bölüşmək, bir-birinə kömək etmək və s. daxildir.
Məruzəçinin sözlərinə görə, əsas biznes akkordlarına vendor asılılığından azad olmaq, innovasiyaları sürətləndirmək və əməliyyatların effektivliyini aid etmək olar.
O, Harvard Universitetinin, Çinin “State Grid” şirkətinin, “Ebay”, “Walmart” və “PayPal” kimi ticarət, maliyyə, telekommunikasiya, elm, sığorta, əyləncə və digər sahələrdə fəaliyyət göstərən qurumların OpenStack istifadəçiləri olduğunu diqqətə çatdırdı.
T.Mustafayev, həmçinin müxtəlif tələblərdən asılı olaraq qurulan OpenStack infrastrukturu, veb-server üçün infrastruktur, məlumatların saxlanması sistemi və şəbəkə infrastrukturunun təhlilinə dair məlumat verdi.
Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.