Virtual reallıqda obyektlərin formasını hiss etməyə imkan verən əlcək hazırlanıb

18 Oktyabr 2018 - 12:00 | Texnoloji yeniliklər
Virtual reallıqda obyektlərin formasını hiss etməyə imkan verən əlcək hazırlanıb

“HTC”, “Oculus” və “Sony” kimi şirkətlərin səyi sayəsində virtual reallıq daha da geniş yayılmaqdadır. Lakin istənilən virtual reallıq dünyasında bir problem mövcuddur: fiziki əlaqəni hiss etmək mümkün deyil. Virtual reallıqda fiziki əlaqəni hiss etməyə imkan verən əlcəyin ixtirası bu vəziyyəti dəyişdirə bilər.

hi-news.ru saytının məlumatına görə, yeni ixtira Lozanna Federal Politexnik Məktəbi və İsveçrə Federal Texnologiya İnstitutunun mühəndisləri tərəfindən hazırlanıb. Qurğunun karkası adi əlcəkdən ibarətdir, əlcəyin barmaqlarına xüsusi elektrostatik əyləclər yerləşdirilib.

Hər bir belə əyləc bir-birinin üzərində yerləşmiş 2 metal zolaqdan ibarətdir. Hər iki zolaq adi vəziyyətdə hərəkətləri məhdudlaşdırmır. Onlardan birinə gərginlik verildikdə metal zolaqlar arasında cazibə qüvvəsi yaranır ki, bu da əyilməyə mane olur. Bundan başqa, əlcəyə bərkidilmiş sensorlar əlin vəziyyətini izləməyə və onu virtual məkandakı hərəkətlə əlaqələndirməyə imkan verir.

Alimlər daha sonra proqram təminatını kalibrləyərək sınaqlara başlayıblar. Sınaqlar zamanı könüllülərə müxtəlif formalı virtual obyektlərlə qarşılıqlı əlaqə yaratmaq və onları hərəkət etdirmək təklif edilib.

Əlcək obyektlərə toxunuşu hiss etməyə, onların forma və sıxlığını fərqləndirməyə imkan verir. Həmçinin məlum olub ki, əlcəyin tətbiqi standart kontrollerlərlə müqayisədə hərəkətlərin dəqiqliyini yüksəldir. Elektrostatik əyləclər 2 kq ağırlıq götürməyə imkan verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.