AMEA İnformasiya Texnologiyaları İnstitutunda 5 saylı şöbənin növbəti elmi seminarı keçirildi.
“Mətnlərdən terminlərin avtomatik çıxarılması (Zipf Qanunları)” adlı məruzəni təqdim edən institutun əməkdaşı Səbinə Fomenko mətnlərin analizi, analizatorlar və Zipf qanunları haqqında məlumat verdi.
“Mətndən terminlərin seçilməsinin ən əlverişli üsulu axtarış sistemləri metodikası ilə terminlərin axtarışıdır”, – deyə bildirən məruzəçi bu metodikadan istifadə etməklə terminlərin seçilməsi mərhələlərindən danışdı. O, mətnlərdə açar söz analizatorları olan “Ranks”, “SEOworkers”, “RankQuest”, mətnlərin semantika və leksikası analizatorları olan “TextAnalyser.net”, “Readability index calculator”, eləcə də “Text to HTML ratio” analizatorları barədə məlumat verərək onların imkanlarını diqqətə çatdırdı.
Corc Zipf tərəfindən 1949-cu ildə təklif edilmiş Zipf qanunlarının universal xüsusiyyətlərə malik olduğunu söyləyən məruzəçi qeyd etdi ki, onları mətnlərə tətbiq etməklə yanaşı, şəhərləri əhalisinin sayı ilə assosiasiya etmək və s. mümkündür. O, Zipfin birinci qanunundan söz açaraq dərəcənin tezlikdən asılılıq qrafikini təqdim etdi. Bildirdi ki, tədqiqat nəticəsində aşkar edilmişdir ki, ən əhəmiyyətli sözlər diaqramın orta hissəsində yerləşir. Məruzəçinin sözlərinə görə, Zipfin ikinci qanununa əsasən, tezlik və bu tezliklə mətnə daxil olan sözlərin sayı öz aralarında da bir-biri ilə əlaqəlidir.
Sonda S.Fomenko qeyd etdi ki, təqdim olunan metodların üstünlüyü reallaşdırmanın sadəliyi və işin keyfiyyətinin kafi olmasıdır: “Bu kimi metodlar təlim tələb etmir. Onlar terminləri qruplaşdırmağa və onların arasında əlaqə qurmağa imkan verirlər”.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.