Ölkəmizdə domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib

16 Oktyabr 2018 - 09:54 | Mühüm hadisələr
Ölkəmizdə domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib

Domen adları və IP ünvanlarının idarə edilməsi üzrə korporasiyanın (ICANN) tələb və tövsiyyələrinə əsasən, oktyabrın 11-də bütün dünyada olduğu kimi, ölkəmizdə də domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin məlumatına görə, yeniləmədən sonra 48 saat ərzində davamlı olaraq sistemin monitorinqi aparılıb və istifadəçilərin heç bir resursa daxil olmasında problem qeydə alınmayıb.

2010-cu ildə yaradılmış bu kriptoqrafiya açarları təhlükəsizlik və İnternet ünvanlandırma sisteminin bütövlüyünə  cavabdehlik daşıyır. Əməliyyat dünyada ilk dəfə olaraq oktyabr ayının 12-də reallaşdırılıb.

ICANN-nın yaydığı məlumata görə, açarların dəyişdirilməsindən sonra ilk 24 saat ərzində bir neçə ölkədə cüzi problemlər qeydə alınsa da, onlar qısa zamanda aradan qaldırılıb.