İnsanabənzər robot tikinti işlərində kömək edəcək

03 Oktyabr 2018 - 15:15 | Maraqlı məlumatlar
İnsanabənzər robot tikinti işlərində kömək edəcək

Yaponiya Milli Qabaqcıl Sənaye Elm və Texnologiyalar İnstitutunun mühəndisləri tikinti ilə bağlı müxtəlif işləri yerinə yetirə bilən insanabənzər “HPR-5P” robotunu hazırlayıblar.

hitech.newsru.com saytının məlumatına görə, “HPR-5P” robotu ev işlərində kömək edən robotların hazırlanması üçün istifadəyə verilən “Humanoid Robotics Project” layihəsi çərçivəsində yaradılan modelin yenilənmiş versiyasıdır. Bu seriyanın ilk robotu “Honda P3” robotunun tam oxşarı olub. Onun əsasında “Honda” şirkətinin mühəndisləri tərəfindən məşhur “ASIMO” robotu yaradılıb.

Robotun boyu 182 sm, çəkisi isə 101 kq təşkil edir. Yenilənmiş versiya robotun fiziki imkanlarını artırmağa imkan verən daha güclü elektrik mühərrikləri ilə təchiz edilib. Məsələn, “HPR-5P” əli tam açıq vəziyyətdə 2,9 kiloqramlıq yükü saxlaya bilir. Robot başında quraşdırılmış kamera və digər sensorlar vasitəsilə onu əhatə edən məkanın daim yenilənən həcmli xəritəsini yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.