Çinin “Xiaomi” şirkəti “Qin AI Phone” adlı düyməli “ağıllı” telefonunu təqdim edib. Qurğu səsli əmrlərlə idarəetmə ilə yanaşı, həm də sinxron tərcüməçi funksiyasını yerinə yetirən “Xiao” adlı süni intellekt sistemi ilə təchiz edilib.
ferra.ru saytının məlumatına görə, ötən ay “Xiaomi” şirkəti sözügedən telefon üçün öz kraudfandinq (layihənin reallaşdırılması məqsədilə geniş kütlələrdən maliyyə cəlb olunması mexanizmi) platformasında vəsait toplayıb və indi telefon satışa çıxarılıb.
Telefon 240x320 piksel təsvir ölçülü IPS displey və “Corning Gorilla” qoruyucu şüşəsi ilə təchiz edilib. Qurğunu məişət texnikası üçün infraqırmızı pult kimi istifadə etmək olar. Həmçinin “4G” və “Wi-Fi” dəstəklənir, stereo səs, internet-radio mövcuddur və “bulud” saxlanc sistemində faylların ehtiyat surəti yaradılır. Qiyməti 54 dollar təşkil edən telefon boz, ağ, qırmızı və sarı rənglərdə təklif olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.