İnstitut alimlərinin məqaləsi “Journal of Scientometric Research” jurnalında çap olunub

27 Sentyabr 2018 - 16:00 | Mühüm hadisələr
İnstitut alimlərinin məqaləsi “Journal of Scientometric Research” jurnalında çap olunub

İnstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və institutun böyük elmi işçisi Nərmin Adıgözəlovanın həmmüəllifi olduqları “Journal Impact Factor Weighted by SJR and 5-Year IF indicators of Citing Sources” (DOI: 10.5530/jscires.7.2.15) adlı məqalə “Journal of Scientometric Research” jurnalında nəşr olunmuşdur.

Məlumdur ki, İmpakt Faktor (İF) jurnalların nüfuzunu ölçmək üçün hazırda ən geniş istifadə olunan göstəricidir. 60 ildən çox istifadə olunmasına baxmayaraq, bu göstərici bir çox tədqiqatçılar tərəfindən tənqidə məruz qalmışdır. Onun ən çox tənqid olunan və çatışmayan cəhəti hesablanma zamanı istinad edən mənbənin nüfuzunun nəzərə alınmamasıdır. Başqa sözlə, istinad edən bütün mənbələr (jurnallar) eyni nüfuza malikdir. Burada əsas şərt odur ki, istinad edən mənbələr yalnız WoS bazasında indeksləşir və bu bazadan kənar heç bir göstərici nəzərə alınmır.

Lakin son illər aparılan tədqiqatlar göstərir ki, İF-nin bu cür hesablanması obyektivliyi əks etdirmir. İlk növbədə istinad edən mənbələrin İF-si bir-birindən ciddi surətdə fərqlənə bilər və fərqlənir. Aydındır ki, İF-nin qiymətinə görə bu şəkildə fərqlənən jurnalların nüfuzu eyni ola bilməz. Bu halda, onlardan gələn istinadların bərabər götürülməsi, yəni eyni çəki ilə nəzərə alınması obyektivliyi əks etdirmir. Bu çatışmazlığın aradan qaldırılması üçün bir çox tədqiqatçılar tərəfindən İF-nin çəkili variantları təklif olunmuşdur.

Müəlliflər tərəfindən təklif olunmuş çəkili İF-nin üstün cəhəti ondan ibarətdir ki, burada istinad edən mənbənin nüfuz göstəricisi kimi iki müxtəlif bazanın (WoS və Scopus) göstəriciləri (5IF və SJR) nəzərə alınmışdır.

Təklif olunmuş çəkili İF digər müəlliflərin, o cümlədən,  İF ilə eksperimental olaraq müqayisə olunmuşdur. Eksperimentin nəticələri göstərmişdir ki, İF-nin hesablanması zamanı istinad edən mənbənin nüfuz göstəricisi kimi müxtəlif göstəricilərin nəzərə alınması daha məqsədəuyğundur və jurnalların ranqlaşdırılmasında mühüm əhəmiyyət kəsb edə bilər.

Məqalənin nəşr olunduğu “Journal of Scientometric Research” jurnalı “Web of Science”, “CNKI”, “EBSCO Publishing’s Electronic Database”, “Exlibris”, “Google Scholar”, “Hinari”, “Infotrieve”, “Journal Guide”, “National Science Library”, “OpenJGate” və s. elmi bazalarda indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.