3D-printerdə çap olunmuş traxeal borucuqlar körpənin həyatını xilas edib

26 Sentyabr 2018 - 15:47 | Maraqlı məlumatlar
3D-printerdə çap olunmuş traxeal borucuqlar körpənin həyatını xilas edib

Atlantanın Uşaq Səhiyyə Təşkilatı və Corciya Texnologiya İnstitutunun mütəxəssisləri 3D-printerdə çap olunmuş traxeal borucuqların implantasiyası əməliyyatını müvəffəqiyyətlə həyata keçiriblər. Onlar 7 aylıq körpənin tənəffüs yollarının keçirmə qabiliyyətini bərpa edərək onun həyatını xilas ediblər.

Pasiyent ürək qüsuru və tənəffüs yollarının keçirmə qabiliyyətini pozan patologiya ilə doğulub. Bu patologiyanı ənənəvi cərrahiyyə metodları ilə aradan qaldırmaq qeyri-mümkündür. Həkimlər körpəyə 3D-printerdə çap edilmiş eksperimental traxeal borucuqları implantasiya etməyi təklif ediblər. İnnovativ qurğular tənəffüs yollarını açmağa, həmçinin nəfəs borusu və bronxları genişləndirməyə imkan verir.

Alimlər pasiyentə uyğun olanı seçmək üçün borucuqları müxtəlif ölçüdə və bir neçə variantda çap ediblər. 10 saat davam edən əməliyyat zamanı cərrahlar 3 borucuğu müvəffəqiyyətlə implantasiya ediblər.

robo-hunter.com saytının məlumatına görə, qurğunun daha da təkmilləşdirilməsi vacibdir. Onun təhlükəsizliyi və effektivliyi kifayət qədər ciddi sınaqlardan keçirilmədiyinə görə, devays hələ ki, klinikalarda geniş tətbiq üçün əlçatan deyil.

“Uşaqların həyatlarını xilas etmək üçün 3D-çap texnologiyalarından istifadə imkanı bizi qurğunun təkmilləşdirilməsi üzərində işləməyə həvəsləndirir”, – deyə ideya müəllifi və Corciya Texnologiya İnstitutunun Tibbi cihazların 3D-istehsalı üzrə mərkəzin direktoru Skot Hollister bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.