“Airbus” şirkəti müxtəlif avialaynerlər və digər uçan aparatların hazırlanması ilə məşhurdur. Həmçinin dəniz yük daşınmaları ilə məşğul olan şirkət xüsusi olaraq bu məqsədlə “Airseas” bölməsi yaradıb. Bölmə bu yaxınlarda dəniz səyahətlərini daha enerji-effektivli etməyə, eyni zamanda okeanın çirklənməsini azaltmağa imkan verən ağıllı yelkənlər təqdim edib.
“Airbus”ın dəniz yük daşınmalarının çox hissəsi ABŞ və Avropa arasında şirkət təyyarələrinin daşınmasına cəmlənib. Bu yük gəmilərinə hər birinin sahəsi 1000 kvadrat metr təşkil edən yeni “ağıllı” yelkənlər quraşdırılacaq. “Airseas” mühəndislərinin sözlərinə görə, yelkəndən istifadə küləyin əlavə hərəkət qüvvəsi hesabına yanacağın istehlakını aşağı salır. Beləliklə, okeana atılan yanacağın tullantılarının miqdarı azalır ki, bu da dənizin flora və faunası üçün təhlükəli karbon izlərini əhəmiyyətli dərəcədə azaldır.
hi-news.ru saytının məlumatına əsasən, “ağıllı” yelkənin daxilində yelkənlərin açılması üçün uyğun zamanı və yeri müstəqil müəyyən edən tənzimləyici və sensorlar dəsti qurulub. Yelkən açıldıqdan sonra hava şəraiti, küləyin gücü və istiqamətini nəzərə alaraq gəminin hərəkətinə kömək etməyə başlayır. Yelkənin açılması və lazım olmadıqda bağlanması prosesində insan əməyindən istifadə olunmur. Sistem tamamilə avtonomdur.
“Airbus” 2030-cu ilədək böyük ticarət gəmilərinin minimum 10 faizində bu kimi yelkənlər quraşdırmağı planlaşdırır. Mütəxəssislərin hesablamalarına görə, yelkəndən istifadə ümumi xərclərə il ərzində 20 faizə qədər qənaət etməyə imkan verəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.