Hazırda itirilmiş əşyaların axtarışı üçün çoxlu sayda simsiz qurğu mövcuddur, lakin onların bir çatışmazlığı var: itirilmiş əşyanı yalnız xüsusi izləmə proqramının köməyilə tapmaq mümkündür.
“Samsung” şirkəti yüksəksürətli simsiz məlumat ötürülməsi standartından istifadə edən “SmartThings” trekerini təqdim edib. Qurğu, hətta “Bluetooth” və digər texnologiyaların gücsüz olduğu yerdən itirilmiş əşyanın olduğu yer haqqında məlumat ötürə bilər.
techcult.ru saytının məlumatında bildirilir ki, “SmartThings”in imkanları itirilmiş əşyaların axtarışı ilə məhdudlaşmır. Ondan “ağıllı” evin idarəetmə qurğusu kimi istifadə etmək olar – məsələn, evə qayıdarkən işığı yandırmaq və ya gedərkən müşahidə kamerasını aktivləşdirmək mümkündür. Həmçinin onun köməyilə “geofunksiya”nı aktivləşdirmək olar. O, həyətdə gəzən iti izləməyə kömək edəcək və ya istifadəçinin dostlarına onun yerini bildirəcək.
Bu kimi funksiyaları nəzərə alaraq, “SmartThings” trekerinin “Bluetooth”a əsaslanan analoji qurğulara nisbətən daha yüksək qiymətə satılacağını güman etmək olar. Şirkət qurğunu “AT&T” provayder xidməti ilə bir paketdə 99 dollara təklif edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.