Artıq hətta hazırlıq keçməmiş insan peşəkar tibbi yardım göstərə biləcək. Belə ki, Perdyu Universitetinin alimləri həkimlərə qəza yerində ilkin tibbi yardım göstərən insanların hərəkətlərini idarə etməyə imkan verəcək sistem yaradıblar. Sistem təsvirləri sabitləşdirən, təlimatları qəbul edən əlavə reallıq şlemi və təsviri operatora ötürən drondan ibarətdir.
İdeya müəllifləri bildiriblər ki, insanlar çox vaxt tibb müəssisələrindən uzaqda ciddi travmalar alırlar. Belə vəziyyətdə ilk yardımın göstərilməsi yoldan keçən şəxslərin öhdəsinə düşür. Zərər çəkmişin vəziyyətini ağırlaşdırmamaq üçün düzgün yanaşma tələb olunur. Yeni sistem buna zəmanət verir. Telefonla əlaqədən fərqli olaraq, o, daha aydın təlimatlar verir.
meddaily.ru saytının məlumatına görə, şlem təsvirləri qəbul edir və ötürür. Mütəxəssis insanın gözləri qarşısındakı təsvirin üzərinə – zərər çəkmişin bədəninə yazılar, xətlər və ya tətbiq edilməli tibbi alətləri “qoyur”. Dron öz növbəsində, hər iki insanın başının üstündə dayanır və pasiyentin bütün bədənini, həmçinin ətraf mühiti görməyə imkan verən təsviri operatorun ekranına ötürür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.