Yaponiyada uçan avtomobillər üçün qaydalar tərtib edəcək və onları həyata keçirəcək qurum yaradılıb.
belta.by saytının məlumatında bildirilir ki, “Airbus”, “Boeing”, “Toyota”, “NEC”, “Cartivator”, “ANA Holdings”, “Japan Airlines” və “Uber Technologies” daxil olmaqla, 21 şirkət sözügedən quruma üzv olaraq daxil edilib. Həmin qurumun ilk iclasının 29 avqust 2018-ci il tarixində keçirilməsi nəzərdə tutulur.
2018-ci ilin iyulunda Yaponiya hökuməti ictimai uçan nəqliyyat vasitələrini aktiv şəkildə inkişaf etdirmək niyyətini açıqlayıb. Yaponiyada belə avtomobillərin ilk uçuşları 2020-ci ilə planlaşdırılıb. Uçan avtomobillər ilk növbədə təbii fəlakətlər baş verdikdə, həmçinin yolların sıradan çıxması zamanı yaşayış məntəqələri arasında hərəkət üçün tətbiq ediləcək.
Yaponiya hökuməti hesab edir ki, uçan avtomobil və aerotaksilərdən istifadə yollarda tıxac problemini həll edəcək və sərnişindaşımanı sürətləndirməyə imkan verəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.