Süni intellekt göz xəstəliklərini diaqnozlaşdıracaq

14 Avqust 2018 - 10:33 | Texnoloji yeniliklər
Süni intellekt göz xəstəliklərini diaqnozlaşdıracaq

Süni intellekt tədqiqatları ilə məşğul olan “Google DeepMind” şirkəti gözün torlu qişasının şəklinə görə 50 müxtəlif göz xəstəliyini aşkarlayan neyroşəbəkə yaradıb.

hightech.fm saytının məlumatına görə, süni intellekt xəstəlikləri optik koherent tomoqrafiya müayinəsi şəkillərinə görə aşkarlayır. Sistem Böyük Britaniyanın “Moorfields Eye Hospital” Göz Xəstəlikləri ilə Mübarizə Mərkəzi üçün hazırlanıb. Burada həkimlər tərəfindən hər gün mindən çox optik koherent tomoqrafiya müayinəsi şəkli çəkilir. Bir şəklin emalı üçün təxminən 1 həftə tələb olunur və bəzən belə gecikmələr xəstəliyin güclənməsinə və görmə orqanlarında bərpaolunmaz dəyişikliklərə səbəb olur.

Yeni süni intellekt sisteminin əsasını iki neyroşəbəkə təşkil edir. Seqmentasiya şəbəkəsi optik koherent tomoqrafiya müayinəsi şəkillərini konturları dəqiq müəyyənləşdirilən üçölçülü hüceyrə xəritələrinə çevirir.

“Xəritə yalnız gözün 3D-modelini yaratmağa deyil, eyni zamanda xəstəliyi aşkarlamağa imkan verir və onun ocağının hansı görmə orqanı nahiyəsində yerləşdiyini göstərir”, – şirkətin baş mühəndisi Alan Kartikesalinqam bildirib.

Neyroşəbəkə oftalmoloqlar tərəfindən əllə seqmentasiya edilmiş 877 optik koherent tomoqrafiya müayinəsi şəkli üzərində öyrədilib.

İkinci neyroşəbəkə üçölçülü xəritəni təhlil edir və birincinin diaqnozunun dəqiqliyini yoxlayır, eləcə də xəstəyə yardım göstərilməsi vaxtını müəyyənləşdirir. Alqoritm oftalmoloqlar və optometristlər tərəfindən yoxlanılan 14 min üçölçülü göz hüceyrə xəritəsi üzərində təlim görüb.

Hazırda “Moorfields Eye Hospital” mərkəzində sınaqdan keçirilən süni intellektin testləri uğurla başa çatarsa, onun Böyük Britaniya Milli Səhiyyə Xidməti tərəfindən istifadəsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.