“Naked Labs” şirkəti 3D-skanerə malik “ağıllı” güzgünün satışına başlayıb. Qurğu insanın bədənini skan edir, onun üçölçülü modelini yaradır və bütün dəyişikliklər haqqında ətraflı məlumat verir. Qadcet insanın fiziki vəziyyəti haqqında dolğun informasiyanı təqdim edir: çəki, bədən kütlə indeksi, sağlamlıq vəziyyəti, həmçinin dəqiq ölçülər və parametrlər.
Qurğunun iş prinsipi olduqca sadədir: istifadəçi güzgünün qarşısında yerləşdirilmiş tərəzi-platformanın üzərində dayanmalıdır. Platforma öz oxu ətrafında fırlanaraq bədənin kütləsi haqqında informasiyanı qeydə alır, bu zaman güzgü bədəni hər tərəfdən skan edir. Bütün proses 15 saniyə davam edir.
“Ağıllı” güzgü əldə olunmuş informasiyanı smartfona yüklənmiş xüsusi proqrama göndərir. Nəticədə istifadəçi ekranda öz bədəninin üçölçülü modelini görür. Güzgüdən yalnız fiziki forma və çəkiyə nəzarət üçün deyil, həm də onlayn geyim seçimi üçün istifadə etmək olar.
robo-hunter.com saytının məlumatına görə, qurğunun çəkisi 13,5 kq, çərçivənin hündürlüyü 1,5 m-dir. Arxa panel plastik kütlədən, yan hissələr isə alüminiumdan hazırlanıb. 3 ədəd “RealSense 410” kamerası ilə təchiz edilmiş “ağıllı” güzgünün qiyməti 1395 ABŞ dolları təşkil edir.
Maraqlıdır ki, cihaz bu kimi qurğular üçün ənənəvi olan bioelektrik impedans analizindən istifadə edərək, orqanizmdə piyin faiz nisbətini hesablamır. O, istifadəçinin şəkillərini bədən quruluşu haqqında məlumat bazası və DEXA (sümüyün mineral sıxlığını ölçən skan etmə tipi) məlumatları ilə müqayisə edərək göstəriciləri hesablayır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.