Müasir texnologiyalar dünyanı dəyişdirməyə davam edir. Vaxtilə kompüter və İnternet, daha sonra smartfonlar həyatımıza böyük təsir göstərib. İndi isə pilotsuz uçan aparatlar, blokçeyn və Əşyalar İnterneti gündəlik həyatımıza daxil olur.
hi-news.ru saytının məlumatında bildirilir ki, “Business Insider” nəşrinin proqnozuna görə, 2023-cü ilədək istehlakçı, biznes və hökumət təşkilatları tərəfindən 40 milyard “ağıllı” qurğu istifadədə olacaq. Söhbət yalnız “ağıllı” kolonka və lampalardan getmir. “Ağıllı” qurğular bazarın hər bir seqmentinə qoşulmağa hazırdır və bu, 5 il sonra reallaşacaq. İstehlak bazarında “ağıllı” qurğuların evlərdə tətbiqi davam edəcək. Simsiz qoşulmanın köməyi ilə idarə olunacaq lampalar, kolonkalar və məişət cihazları sırasına geyim və ayaqqabı da əlavə olunacaq. Bundan əlavə, müəssisə və təşkilatlarda “ağıllı” qurğular avtomatlaşdırma rolunu oynamağa davam edəcək. Ofis və istehsalda eyni cihazlardan istifadə ediləcək, lakin onlar daha “ağıllı” və sərbəst olacaq.
2023-cü ilədək hökumət təşkilatları “ağıllı” şəhərlərin inkişafını stimullaşdırmaqla məşğul olacaq. “Ağıllı” izləmə kameraları, şəhər işıqları və sayğaclar cinayətkarlıqla mübarizə aparacaq və kommunal xidmətlərin idarə edilməsini asanlaşdıracaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.