AMEA İnformasiya Texnologiyaları İnstitutunda 15 iyun -15 iyul 2014-ci il tarixlərdə doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları keçirildi.
Doktorluq minimumu imtahanlarına hazırlıq məqsədilə doktorant və dissertantlar üçün institutun Tədris-İnnovasiya Mərkəzində əvvəlcədən kurslar təşkil olunmuşdur. Bu kurslarda informatikanın nəzəri və praktiki əsasları tədris olunmuş, elmi fəaliyyətdə informasiya texnologiyalarından istifadə vərdişləri aşılanmışdır.
İmtahanda 697 nəfər doktorant və dissertant iştirak etmişdir. Bunlardan 116 nəfər fizika-riyaziyyat və texnika elmləri, 133 nəfər kimya, biologiya və tibb elmləri, 77 nəfər yer, kənd təsərrüfatı və coğrafiya elmləri, 371 nəfər ictimai- siyasi, sosial-iqtisadi və humanitar elmlər üzrə ixtisaslaşan doktorant və dissertantlardır.
Qeyd edək ki, imtahanda 208 nəfəri əla qiymət almışdır. Ən yüksək nəticəni Bakı Dövlət Universitetinin doktorantı Yusifov Murad 100 bal toplamaqla göstərmişdir.
Xatırladaq ki, mərkəzdə keçirilən imtahanlar elektron test üsulu ilə aparılır və nəticələr imtahandan dərhal sonra məlum olur.