“OraSaifu” adlı qurğu pul kisəsi və ödəniş metodlarına yeni baxışı təqdim edir. Rəngli displeyə malik kiçikölçülü smartfona bənzəyən bu cihaza debet və kredit kartlarının məlumatlarını yükləmək mümkündür. Alış-veriş zamanı sadəcə müvafiq kartı seçərək NFC kontaktsız texnologiyası üzrə ödəniş etmək lazımdır.
hi-tech.mail.ru saytının məlumatına əsasən, “OraSaifu” pul kisələri bir-biri ilə işləyə bilir. Pul göndərmək üçün kartı seçmək, məbləği qeyd etmək və bir pul kisəsini digərinə yaxınlaşdırmaq kifayətdir.
Sözügedən cihaz 4 düym diaqonallı HD ekrana malikdir, çəkisi 65 qram təşkil edir. Daxili akkumulyator 1 həftəlik iş üçün kifayət edir, qurğu 1 saat müddətində enerji toplayır.
Bundan başqa “ağıllı” pul kisəsi kriptovalyutanın saxlanılması üçün istifadə edilə bilər. O, bütün populyar layihələri dəstəkləyir.
2018-ci ilin oktyabr ayında satışa çıxarılacaq pul kisəsinin qiyməti 119 dollar təşkil edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.