Süni intellekt dərman vasitələrinin kombinasiyalarının təhlükəsizliyini qiymətləndirməyə imkan verəcək

13 İyul 2018 - 16:46 | Maraqlı məlumatlar
Süni intellekt dərman vasitələrinin kombinasiyalarının təhlükəsizliyini qiymətləndirməyə imkan verəcək

ABŞ-ın Stenford Universitetinin alimləri iki preparatın uyğunlaşdırılmasının əlavə təsirlərinin proqnozlaşdırılması üçün süni intellektə əsaslanan sistem hazırlayıblar. Həkimlər sistemin köməyilə mürəkkəb xəstəliklərin müalicəsi üçün dərman vasitələrinin düzgün kombinasiyalarını seçə biləcəklər. “Dekaqon” adlandırılmış sistemin təkmilləşdirilməsi planlaşdırılır.

meddaily.ru saytının məlumatına görə, tədqiqatçılar insan orqanizmində 19000-dən çox zülalın bir-biri ilə qarşılıqlı təsirdə olduğunu və müxtəlif dərmanların bu zülallara necə təsir etdiyini müəyyən ediblər. Sonra mütəxəssislər əlavə təsirlərin yaranması qanunauyğunluqlarının təyini üsulunu hazırlayıblar. Alimlər maşın təlimi metodundan istifadə ediblər, sonra proqnozun dəqiqliyini qiymətləndiriblər.

Mütəxəssislər tibbi ədəbiyyatı təhlil ediblər. 10 proqnozlaşdırılmış əlavə təsirdən 5-i təsdiqlənib. Məsələn, sistem aşkar edib ki, xolesterini azaldan atorvastatin və amlopidin (ürək xəstəliklərindən əziyyət çəkənlər üçün preparat) kombinasiyası əzələlərin iltihabına səbəb ola bilər. Həqiqətən də 2017-ci ildə belə əlavə təsir qeydə alınıb. Hər bir preparatda orta hesabla 159 əlavə təsir aşkar olunub. Bunlardan ürək bulanması, qusma, baş ağrısı, ishal və dermatit ən geniş yayılmış əlavə təsirlərdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.