İsveçrə bankı öz əməkdaşını “klonlaşdırıb”

10 İyul 2018 - 16:24 | Texnoloji yeniliklər
İsveçrə bankı öz əməkdaşını “klonlaşdırıb”

İsveçrənin tanınmış “UBS” bankı öz əməkdaşı, baş iqtisadçı Daniel Kaltın rəqəmsal klonunu yaradıb.

Rəqəmsal surət “UBS Companion” layihəsi çərçivəsində layihələşdirilmiş süni intellekt əsasında işləyir. O, aparıcı maliyyə mütəxəssislərinə işləri daha yaxşı aparmaqda kömək etmək üçün nəzərdə tutulub. “Rəqəmsal Daniel” müştərilərlə ünsiyyət saxlayaraq onlara bütün lazımi informasiyanı verə biləcək. Süni intellekt yalnız əsl Daniel tərəfindən qeyd olunmuş sahələrə aid olan suallara cavab verəcək. Bu, süni intellektin məxfi informasiyanı təsadüfən yaymaması üçün edilib.

hi-news.ru saytının məlumatına görə, rəqəmsal klonun yaradılması üçün qısa müddət ərzində Daniel Kaltın hərəkətlərini lentə alan 120 professional HD kameradan istifadə edilib. Bundan başqa, süni intellekt Danielin müştərilərlə necə ünsiyyət saxlamasını da analiz edib. Layihə müəlliflərinin sözlərinə görə, indi süni intellektin hərəkətlərini orijinaldan fərqləndirmək olduqca çətindir. Tezliklə Kaltın “klon”u sınaqdan keçiriləcək. O, Sürixdə yerləşən bankın 100-dən çox müştərisi ilə ünsiyyət saxlayacaq.

“Gələcəkdə müxtəlif konfrans zallarında “UBS” bankın rəqəmsal mütəxəssislərini görə biləcəksiniz”, – deyə layihə müəllifləri bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.