AMEA İnformasiya Texnologiyaları İnstitutunda 11 saylı şöbənin növbəti elmi seminarı keçirildi. “Kvant kompüterlər – yaranma tarixi, arxitekturası və perspektivləri” mövzusunda məruzəni təqdim edən Kəmalə Zamanova kvant texnologiyanın yaranma tarixi haqqında məlumat verdi. Bildirdi ki, 1905-ci ildə Albert Eynşteyn tərəfindən işığın kvantlara, foton adı verilən enerji porsiyalarına sahib olduğu iddiası meydana çıxdı. Sonralar fizik Maks Plank işıq üzərində çalışmalar apararaq işığın həm dalğa, həm də zərrəcik halında olduğunu irəli sürdü. Bu nəzəriyyə M.Plankdan sonra A.Eynşteyn, Nils Bor, Luis De Broqli, Paul Adrian Maurika Dirak və Volfhanq Pauli kimi alimlər tərəfindən inkişaf etdirildi.
“Kvant kompüterlərinin iş prinsipi atomda elektronların müxtəlif səviyyəli enerjilərə malik olma qabiliyyətinə əsaslanır”, – deyə bildirən məruzəçi kvant kompüterlərinin sürətinin saniyədə 1000 trilyon əməliyyatla ölçüldüyünü diqqətə çatdırdı.
K.Zamanova kvant kompüterləri üçün yazılan Şor və Simon alqoritmlərinin kvant alqoritmləri hesab olunduğunu qeyd edərək bildirdi ki, ehtimallara əsaslanan riyazi hesablama olan Simon alqoritmi kvant kompüterlərinin effektivliyini göstərmək üçün 1994-cü ildə Daniel Simon tərəfindən irəli sürülmüşdür.
O, həmçinin B.Britaniyadan olan mütəxəssislər tərəfindən yaradılması nəzərdə tutulan, ölçüsünə görə futbol meydançası ilə müqayisə oluna biləcək yeni kvant kompüter, Massaçusets Texnologiya İnstitutunun fizikləri tərəfindən yaradılan beş atomdan ibarət kvant kompüter, “IBM şirkəti tərəfindən təqdim olunan 50 kvant nüvəyə malik ilk kompüter, “D-Wave Systems” şirkətinin istifadəyə verdiyi, məhsuldarlığı ənənəvi kompüterlərin müvafiq göstəricisini 600 dəfə qabaqlayan “D-Wave 2X” kvant kompüteri, eləcə də kvant rabitə və kvant kriptoqrafiyası haqqında məlumatı diqqətə çatdırdı, bu sahə üzrə keçirilən konfranslardan danışdı.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.