İnformasiya Cəmiyyətinin audio-video fəzalarının formalaşdırılmasının konseptual əsasları işlənilir

03 İyul 2018 - 09:57 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 6 saylı şöbəsinin yarımillik hesabatı müzakirə olundu. Hesabatı şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev təqdim edərək 6 ay ərzində görülmüş işlər haqqında məlumat verdi. İlk olaraq elmi-tədqiqat işlərindən söz açan məruzəçi audioinformasiya texnologiyaları problemləri sahəsində informasiya cəmiyyətinin audio-video fəzalarının formalaşdırılmasının konseptual əsaslarının tədqiq olunduğunu bildirdi. O, elektron tullantıların elmi və sosial-iqtisadi problemləri istiqamətində Azərbaycanda elektron tullantılar sahəsində mövcud problemlərin təhlil olunduğunu və onların həlli istiqamətində təkliflərin işlənildiyini diqqətə çatdırdı.

Şöbənin elmi-innovasiya fəaliyyətindən danışan B.Ağayev bildirdi ki, şöbə əməkdaşları Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Elm Fondunun “ARDNŞ-də elektron tullantıları problemləri və onların həlli məqsədilə effektiv idarəetmə sisteminin yaradılması üçün təkliflərin işlənməsi” mövzusunda, AR Prezidenti yanında Elmin İnkişafı Fondunun “Azərbaycanda elektron tullantılar problemlərinin analizi və onların həlli istiqamətində təkliflərin işlənməsi” mövzusunda qrant layihələrdə iştirak edir.

B.Ağayev qeyd etdi ki, hesabat dövründə şöbə əməkdaşları tanınmış elmi jurnallarda məqalələr nəşr etdirmiş, müxtəlif səviyyəli elmi-texniki konfrans və simpoziumlarda iştirak etmişdir.

O, həmçinin şöbə əməkdaşlarının elmi-pedaqoji və elmi-təşkilati, elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işlərinin təşkili ilə bağlı görülmüş işlər haqqında məlumat verdi.

Hesabatla bağlı müzakirələr aparıldı, bir sıra təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.