Korlanmış qida smartfon vasitəsilə müəyyənləşdiriləcək

29 İyun 2018 - 11:38 | Texnoloji yeniliklər
Korlanmış qida smartfon vasitəsilə müəyyənləşdiriləcək

Məişətdə ətin təzə olmasını müəyyənləşdirmək üçün əsas “alət” iybilmə qabiliyyətidir. Lakin insanların iybilmə qabiliyyəti bir-birindən fərqlənir və zəhərlənməyə səbəb ola bilən ət tikəsi dərhal kifayət qədər güclü qoxu yaymır. Bu problemin öyrənilməsi ilə məşğul olan Çin və ABŞ alimləri smartfon və xüsusi sensorun köməyilə ətin təzə olmasını müəyyənləşdirməyi təklif ediblər.

hitech.newsru.ru saytının məlumatına görə, Nankin Universiteti və Texas Universitetinin alimləri biogen aminlərə (çürümə prosesində ayrılan və xoşagəlməz iy yayan üzvi maddələr) qarşı həssas olan keçirici polimerdən sensor hazırlayıblar. Alimlər bu sensoru NFC nişanları ilə birləşdiriblər. Nəticədə NFC moduluna malik smartfonun köməyilə ətin təzə olması haqda məlumatları əldə etmək mümkün olub.

Hazırda alimlər yeni texnologiyanı kommersiyalaşdırmağa ümid edirlər. Onlar sensora malik nişanları içərisində ət olan qablaşdırmaların daxilində yerləşdirməyi təklif edirlər ki, satıcılar və alıcılar ətin təzə olmasını asanlıqla və daha dəqiq müəyyənləşdirə bilsinlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.