“Müasir informasiya texnologiyalarının tətbiqi ilə elmmetrik metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi müzakirə olundu

11 İyun 2018 - 10:56 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsinin “Müasir informasiya texnologiyalarının tətbiqi ilə elmmetrik metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin müzakirəsinə həsr olunmuş növbəti elmi seminarı keçirildi. İnstitutun böyük elmi işçisi Rəhilə Həsənova dissertasiya işini təqdim edərək işin aktuallığı, məqsədi, məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırdı.

Qeyd etdi ki, elmi informasiyanın kəmiyyət baxımından artdığı bir dövrdə tədqiqatçının elmi əsərlərinin qiymətləndirilməsi, onların müxtəlif mükafatlarla təltif edilməsi vacib məsələlərdən biridir.

O, dissertasiya işinin strukturu haqqında məlumat verərək bildirdi ki, tədqiqat işi giriş, 4 fəsil, nəticə, 271 adda ədəbiyyat siyahısı və bir əlavədən ibarətdir.

Məruzəçinin sözlərinə görə, tədqiqat işində elmmetriya, bibliometriya və vebometriyanın müasir vəziyyəti öyrənilmiş və elmmetrik qiymətləndirmədə istifadə olunan indekslər analiz edilmiş, tədqiqatçının elmi fəaliyyətinin qiymətləndirilməsi üçün yeni indekslər işlənilmişdir. R.Həsənova qeyd etdi ki, tədqiqatda dissertasiya işlərinin ilkin avtomatlaşdırılmış ekspertizası üçün yeni metod və alqoritmlər təklif edilmiş, elmi jurnalların qiymətləndirilməsi üçün yeni indekslər işlənilmişdir. O, həmçinin elmi məqalələrin qiymətləndirilməsi üçün yeni metodun işlənildiyini nəzərə çatdırdı.

Dissertasiya işinə dair müzakirələr aparıldı, çoxsaylı suallar cavablandırıldı.

Sonda işin növbəti mərhələyə buraxılması qərara alındı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.