Sifətin tanınması texnologiyası Çin məktəblilərini hər 30 saniyədə izləyir

07 İyun 2018 - 12:54 | Maraqlı məlumatlar
Sifətin tanınması texnologiyası Çin məktəblilərini hər 30 saniyədə izləyir

Çin bu gün öz vətəndaşlarını izləmə baxımından digər ölkələrdən irəlidədir. Bir müddət öncə müəssisələrdə işçilərin əhval-ruhiyyəsini izləyən tənzimləyicilər təqdim olunmuşdu. Bu yaxınlarda isə, Xançjouda məktəbdə oxuyan şagirdləri izləmək üçün sifətin tanınması texnologiyası tətbiq olunub.

Sifətin tanınması texnologiyası hər 30 saniyədə sinif otağındakı şagirdlərin üzlərini fiksasiya edir. Texnologiyanın məqsədi hər bir şagirdin əhval-ruhiyyəsini müəyyən etməkdir. Bu sistem xoşbəxt, hirsli, qorxudulmuş, utandırılmış və ya məyus edilmiş və s. emosiyaları təsnif edir. Bundan başqa, sistem şagirdlərin hərəkətlərini izləyir və onların nə vaxt yazdığı, oxuduğu, müəllimə cavab verdiyi və ya məşğələ zamanı yatdığını anlayır.

hi-news.ru saytının məlumatına görə, bu kimi izləmə sistemləri, ilk növbədə, tədris prosesinin effektivliyinin artırılması üçün istifadə olunur. O, həmçinin təhsil müəssisələrində mümkün insidentlərin qarşısını almağa kömək edir.

Qeyd edək ki, izləmə zamanı şagirdlərin məlumatları təhlükəsiz hesab olunur. Sistem sinif otaqlarından şəkillər saxlamır. Bundan başqa, bütün məlumatlar lokal səviyyədə saxlanılır və buluda ötürülmür.

Bu sistem sayəsində şagirdlərin məktəbə özləri ilə hər hansı şəhadətnamə və ya kart gətirməyi tələb olunmur. Sifətin tanınması sistemi məktəbin yeməkxanası və kitabxanasında da işləyir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.