Yaponiyanın avtomobil istehsalçısı “Subaru” şirkətinin yeni “Subaru Forester” avtomobili ABŞ-ın Nyu-York şəhərinin beynəlxalq avtosalonunda təqdim edilib. O, sürücüyə yardım üçün nəzərdə tutulmuş “EyeSight” sistemi ilə yanaşı, sürücünün təhlükəsizliyinin təmin olunması üçün tamamilə yeni funksiyaya – “DriverFocus” sifətin tanınması texnologiyasına malikdir.
3dnews.ru saytının məlumatında bildirilir ki, texnologiya sürücünün fikrinin yayınmasının və ya yorğunluq əlamətlərinin aşkarlanması üçün proqram təminatından istifadə edən monitorinq sistemidir. İstehsalçıların sözlərinə görə, müvafiq seqmentdə ilk dəfə istifadə edilən bu funksiya beş sürücünü müəyyən etməyə imkan verir. Yeni sistem hələ ki, qiyməti açıqlanmayan “Forester”in standart komplektasiyasına daxildir.
“Forester”in bütün versiyaları üçün əlçatan olan “EyeSight” isə sürücüyə yardım sistemidir. O, irəlidə hərəkət edən avtomobillə toqquşma təhlükəsi yarandıqda avtomatik əyləc sisteminə, sükan idarəetməsi köməkçisinə, həmçinin irəlidə olan avtomobilin hərəkət etməyə başlaması haqqında məlumatlandırma və onun hərəkət zolağından çıxması barədə xəbərdarlıq funksiyalarına malikdir.
Avtomobil, həmçinin sürücünün monitorinqi sistemi ilə təchiz olunub. Onun fərqli cəhəti isə gözlərin hərəkətinin izlənilməsi üçün infra-qırmızı kameralardan istifadə olunmasıdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.