3D çap və əzələ hüceyrələrinin köməyi ilə yaradılan ikinci nəsil biorobotlar təqdim olunub

03 İyul 2014 - 10:00 | Texnoloji yeniliklər
3D çap və əzələ hüceyrələrinin köməyi ilə yaradılan ikinci nəsil biorobotlar təqdim olunub

ABŞ-ın İllinoys Universitetindən olan alimlər qrupu elektrik impulslarının köməyi ilə hərəkət edən və əzələ toxuması hüceyrələri əsasında yaradılmış miniatür biorobotları təqdim edib. Tədqiqata həsr olunmuş məqalə PNAS (Proceedings of the National Academy of Sciences ) jurnalında dərc olunub. 

Biorobotların 6 mm uzunluğunda olan karkası 3D-printerində xüsusi hidrogeldən çap edilib, hərəkətverici qüvvə qismində isə skelet əzələlərinin hüceyrələrindən istifadə olunub. 

Çeviklik və möhkəmlik kimi xüsusiyyətləri sayəsində hidrogelə müxtəlif formalar vermək olar. newsru.com saytının məlumatına görə, tədqiqat qrupunun rəhbəri Rəşid Bəşir sistemə neyronların inteqrasiyasının planlaşdırıldığını bildirib. Onun sözlərinə görə, bu, robotları idarə etmək üçün təkcə elektrik deyil, həm də kimyəvi stimulyasiyadan istifadə etməyə imkan verəcək. 

Alimlərin ehtimalına görə, gələcəkdə bu kimi sistemlər tibbin müxtəlif sahələrində - əczaçılıq, cərrahiyyə və ya yüksək texnoloji implantatların hazırlanmasında geniş tərbiq edilə bilər. Onun sözlərinə görə, bu cür biorobotlardan istifadə sayəsində insan orqanizmini müəyyən toksinlərdən təmizləmək olar.