Müasir texnologiyaların tətbiqi rəqabətədavamlı iqtisadiyyat üçün ilkin şərtdir

02 İyul 2014 - 12:00 | Müsahibələr, çıxışlar
Müasir texnologiyaların tətbiqi rəqabətədavamlı iqtisadiyyat üçün ilkin şərtdir

Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropanın Neurope.eu informasiya portalına verdiyi müsahibə zamanı səsləndirib. Bildirib ki, Azərbaycanın həyata keçirdiyi iqtisadi siyasətin üstünlüyü ondadır ki, bütün işlər ölkənin real imkanları, ən yaxşı beynəlxalq təcrübələr və xüsusi proqramlar üzərində qurulur. Təcrübə göstərir ki, müasir texnologiyaların tətbiqi rəqabətədavamlı iqtisadiyyat üçün ilkin şərtdir. Bu səbəbdən də innovasiyadan təkcə iqtisadiyyatda deyil, eyni zamanda, digər sahələrdə də geniş istifadə edilir. İnformasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir və böyük gələcəyə malikdir. 2003-cü ildə Milli İKT Strategiyasının, sonrakı illərdə isə "Elektron Azərbaycan" Dövlət Proqramının qəbul olunması bu sahənin inkişafına böyük təkan vermişdir. Ölkə Prezidentinin sözlərinə görə, müstəqillik illərində Azərbaycanda İKT-nin inkişafına 3 milyard ABŞ dollarından artıq vəsait yatırılmışdır. Nəticədə, son 10 ildə informasiya və rabitə sahəsinin inkişafı 8,2 dəfə artmışdır. 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması və ölkədə kosmik sənayenin əsasının qoyulması tarixi hadisədir. Növbəti illərdə daha iki peykin orbitə buraxılması ilə bağlı işlər aparılır. 

Son illər ərzində internetin də sürətlə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, Beynəlxalq Telekommunikasiya Təşkilatının hesabatına əsasən, Azərbaycan əhalisinin 70 faizi internetdən istifadə edir. Biz Azərbaycanın bütün şəhərlərinə genişzolaqlı internet xətlərinin çəkilməsinə başlamışıq.