Bulud texnologiyası əsasında elektron təhsil kontentinin formalaşması problemləri araşdırılır

21 May 2018 - 12:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 10 saylı şöbəsinin bulud texnologiyası əsasında elektron təhsil kontentinin formalaşması məsələsinə həsr olunmuş növbəti elmi seminarı keçirildi.  

İnstitutun əməkdaşı Esmira Ələsgərova məruzəni təqdim edərək təhsil məzmununun formalaşmasında bulud texnologiyalarının rolu barədə məlumat verdi, hər bir fənnin təhsil məzmununun əsas bloklarının formalaşması, doldurulması və düzəlişinin aktual məsələlərinin həlli prosesində peşəkarlar arasında praktiki əməkdaşlığın stimullaşdırılmasının əhəmiyyətindən danışdı.

E.Ələsgərova bulud texnologiyaları əsasında elektron universitetin arxitekturunu təqdim edərək bulud xidmətlərindən istifadə nəticəsində elektron universitetin veb-saytının yaradılması, İnternetdə yerləşdirilən interaktiv resursların uzaq məsafədən istifadəsi və elektron təhsil məqsədlərinə nail olmaq üçün sosial şəbəkələrdən səmərəli istifadənin üstünlüklərindən danışdı.

Son zamanlar elektron təhsildə tədrisin idarə olunması sistemlərinin bulud texnologiyaları vasitəsilə saxlanıldığını qeyd edən məruzəçi bu sistemlərin buludda yerləşdirilməsinin təhsil müəssisələrinin proqram təminatı və yüksək ödəniş tələb edən avadanlıqlara çəkilən maliyyə xərclərini azaltmasına səbəb olduğunu diqqətə çatdırdı.

Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.