Süni intellekt insanları geyindirəcək

16 May 2018 - 17:22 | Maraqlı məlumatlar
Süni intellekt insanları geyindirəcək

Corciya Texnologiya İnstitutunun mühəndisləri süni intellekt vasitəsilə insana xəstəxana paltarını geyindirməyi öyrənən robot yaradıblar. Bunun üçün robot kameralara ehtiyac duymur. O, parçanın dartılma gücünə əsaslanır.

naked-science.ru saytının məlumatında bildirilir ki, plana əsasən, gələcəkdə xəstəxanada pasiyentlərə kömək üçün işə başlayacaq “PR2” adlı robot hazırda öyrənməklə məşğuldur. Təlim prosesini sürətləndirmək üçün mütəxəssislər tərəfindən süni intellektin xalatı necə geyindirməsini nümayiş etdirən 11 min virtual nümunə yaradılıb. Onların arasında səhvsiz hərəkətlər və kobud səhvlər var. Nümunələrə əsaslanan alqoritm prosedur zamanı gücü müqayisə edərək ölçməyi mənimsəyib.

“İnsanlar bacarıqları sınaq və səhvlər vasitəsilə öyrənirlər. Biz “PR2” robotu üçün bu imkanı yaratdıq. İnsan üzərində minlərlə sınağın aparılması təhlükəli və yorucu olardı. Lakin bir günə simulyasiyaların öyrənilməsi robotda insanın geyinmə zamanı hansı hisslər keçirməsi barədə təsəvvür yaradıb”, – deyə tədqiqat rəhbəri doktor Zakkori Erikson bildirib.

Bununla yanaşı, robot öz hərəkətlərinin nəticələrini proqnozlaşdırmağı öyrənir. O, manipulyasiyaların insana təsirini başa düşmək üçün saniyənin beşdə bir hissəsini proqnozlaşdırır. Tədqiqatçıların sözlərinə görə, vaxtın az olması səhvlərin sayını artırıb. Hazırda xalatın bir qolunu geyindirmək üçün süni intellektə 10 saniyə lazımdır. Mütəxəssislər əmindirlər ki, yaxın gələcəkdə robot bütün paltardəyişmə prosesini mənimsəyəcək, buna sərf olunan vaxt isə azalacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.