Avropa kosmosa ən iri rentgen teleskopunu buraxacaq

30 İyun 2014 - 12:00 | Mühüm hadisələr
Avropa kosmosa ən iri rentgen teleskopunu buraxacaq

Avropa Kosmik Agentliyi tarixdə ən iri rentgen kosmik teleskopunun yaradılmasına dair layihəni dəstəkləyib. 2028-ci ildə istismara verilməsi planlaşdırılan “Afina” (ATHENA) peyk-teleskopu 12 m uzunluğunda və 5 tona yaxın olacaq. ATHENA abbreviaturası Advanced Telescope for High Energy Astrophysics – "Yüksək enerjilər astrofizikası üçün qabaqcıl teleskop" kimi oxunur.

cybersecurity.ru saytının məlumatına görə, teleskopun qurulması milyard avrodan artıq məbləğə başa gələcək. Layihə yekun olaraq Avropa Kosmik Agentliyinin elmi proqramlar üzrə Komitəsi tərəfindən təsdiq edilməlidir. 

Alimlərin sözlərinə görə, “Afina” yeni nəsil kosmik rəsədxana olacaq. Bu rəsədxanadan iki əsas suala cavab tapmaq üçün istifadə ediləcək: iri qara dəliklər necə yaranır və qalaktikaların toplanması qaz vasitəsilə necə formalaşır.