AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsi və İctimaiyyətlə əlaqələr şöbəsinin birgə elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, şöbənin rəhbəri, akademik Rasim Əliquliyev tədbirin “Sosial kapital e-dövlətdə idarəedici faktor kimi” və “İnternet-medianın monitorinqi və qiymətləndirilməsi məsələləri”mövzularına həsr olunduğunu bildirdi.
Sonra institutun sektor müdiri İradə Ələkbərova çıxış edərək “Sosial kapital e-dövlətdə idarəedici faktor kimi” mövzusunda məruzəni təqdim etdi. Sosial kapitalın cəmiyyətdəki münasibətlərin dərəcəsi və tipi, eləcə də bu münasibətləri müəyyən edən qəbul edilmiş normalar ilə xarakterizə olunduğunu söyləyən məruzəçi bu normalara, ilk növbədə etimad və qarşılıqlı yardımın daxil olduğunu bildirdi.
E-dövlətdə dövlət orqanları tərəfindən sosial kapitalın yüksəldilməsinə böyük əhəmiyyət verildiyini söyləyən İ.Ələkbərova sosial kapitalın təşkilatlarda insanların əmək fəaliyyətində keyfiyyətə təsir etdiyini, kollektivdə həm müsbət, həm də mənfi mühit yaratmaq xüsusiyyətinin olduğunu diqqətə çatdırdı.
“İqtisadi inkişafın və rifahın əsas faktorlarından olan sosial kapital sosial münasibətlərə aid olan və məqsədyönlü fəaliyyətin məhsuldarlığını artırmağa yönəlmiş resursdur və o, insanlar arasındakı etimada əsaslanır” – deyən məruzəçi cəmiyyətdə baş verən müxtəlif sosial və iqtisadi proseslərin öyrənilməsi və proqnozlaşdırılması üçün sosial kapitalın araşdırılmasına ehtiyac duyulduğunu vurğuladı.
İ.Ələkbərova sosial kapital konsepsiyasında müxtəlif yanaşmaları diqqətə çatdırdı,bu sahə üzrə tanınmış tədqiqatçılardan olan Pyer Budye, Ceyms Koulman, Ueyni Beker, Robert Patnem, Frensis Fukuyamanın sosial kapital konsepsiyası ilə bağlı mülahizələrini təqdim etdi. Sosial kapitalın ilk dəfə Pyer Budye tərəfindən 1980-cı illərdə sosial əlaqələrin təsviri kimi təqdim olunduğunu, bu konsepsiyada sosial kapitalın yalnız qrup şəklində əldə olunan resurs olduğunu söylədi.
Sektor müdiri, həmçinin sosial kapitalın üçfaktorlu modelini təqdim edərək sosial kapitalın sosial normalar, sosial əlaqələr və etimad kimi strukturdan ibarət olduğunu qeyd etdi. Məruzəçinin sözlərinə görə, sosial kapitalın ölçülməsində etimada əsaslanan metod (Fukuyama metodu), indeks-reytinq metodu, dünya bankı metodu, eləcə də, etimada əsaslanan Yuriyev modeli, Viskonsin modeli geniş istifadə olunur.
Məruzəçi sosial kapitalın makroiqtisadi göstəricilərə təsir edən əlamətlərindən söz açaraq onun insan kapitalının artmasına təkan verdiyini, kollektiv etimad və sosial normaların maliyyənin inkişafına təsir etdiyini və əməkdaşlığın inkişafının biznes və texnoloji innovasiyaları yaradan və yayan şirkətlərin fəaliyyətinə təsir etdiyini nəzərə çatdırdı.
O, sosial kapitala onlayn münasibətlərin və İnternetin təsir etdiyini bildirdi, sosial kapitalın xüsusiyyətlərindən danışdı: “Sosial kapital bu və ya digər şəbəkəyə mənsubluq dərəcəsi, ölçüsü, sıxlığı, şəbəkə əlaqələrində intensivliyi və gücü ilə xarakterizə olunur”.
Çıxışının sonunda İ.Ələkbərova bu sahənin problemlərini əhatə edən elmi əsərləri təqdim etdi.
Akademik Rasim Əliquliyev çıxış edərək məruzəyə dair təklif və tövsiyələrini diqqətə çatdırdı. Bildirdi ki, dünya ölkələrində sosial kapital ilə bağlı mövcud sistemlərin, sosial reytinqin qiymətləndirilməsi üsullarının araşdırılmasına və e-dövlət mühitində vətəndaşların sosial reytinqinin qiymətləndirilməsi üçün intellektual sistemin işlənilməsinə böyük ehtiyac duyulur.
Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
Sonra institutun elmi işçisi Səadət Abdullayeva “İnternet-medianın monitorinqi və qiymətləndirilməsi məsələləri” mövzusunda məruzəni təqdim etdi. Bildirdi ki, İnternet-media resurslarının monitorinqinin aparılmasımedia qurumunun problemləri və çatışmazlıqları haqqında vaxtında məlumatlı olmağa, veb-saytın reputasiyasının yüksəldilməsinə, məlumatların dərəcəsi üzrə sıralanmasına, media qurumunun bazarda yerinin möhkəmləndirilməsinə, rəqib şirkətlərdən irəlidə olmağa, veb-saytın problemləri haqqında öncədən xəbərdar olmaqla buna qarşı mübarizə üsullarının müəyyənləşdirilməsinəimkan verir.
Dünyada ilk dəfə İnternet-medianın monitorinqinin 1998-ci ildə “WebClipping” şirkəti tərəfindən həyata keçirildiyini söyləyən məruzəçi monitorinqin aparılması mərhələlərindən danışdı. Onun sözlərinə görə, monitorinq proqramlarıİnternet-media mənbələrində və sosial mediada kontenti mətn formasında tərtib edərək mətnlərdəki bütün sözləri siyahıya alır. Sonrakı mərhələdə müəyyən olunmuş açar sözlərə əsasən axtarış edilir, analizlər aparılır və hesabatlar təqdim olunur.
S.Abdullayeva, həmçinin dünyada ən çox müraciət olunan media monitorinqi şirkətlərindən olan “CyberAlert”, “Alterian”, “İntegrum”, “SemanticForce”, “Mediateka” haqqında məlumat verdi. Bu şirkətlərin hazırda bütün xəbər növləri və sosial medianın monitorinqi xidmətlərini təklif etdiklərini söylədi.
“İnternet-media resurslarının fəaliyyətinin qiymətləndirilməsi üçün lazım olan məlumatların hesablanması məqsədilə veb-analitikadan geniş istifadə olunur”, – deyə bildirən məruzəçi veb-saytın statistikasının aparılmasının İnternet-medianın hədəf auditoriyasının öyrənilməsi, iqtisadi siyasət, istifadəçilərinin coğrafiyasının müəyyənləşdirilməsi, dil auditoriyası, istifadəçilərin yaşı və cinsinin, saytda yerləşdirilən gündəlik informasiyanın həcminin müəyyənləşdirilməsi, müraciət edən istifadəçilərin zaman üzrə aktivliyinin öyrənilməsinə və s. imkan verdiyini diqqətə çatdırdı. Veb-saytların qiymətləndirilməsi üçün “Google Analytics”, “Яндекс.Метрика”, “Liveinternet”, “Rambler's Top100” və s. xidmətlərdən geniş istifadə olunduğunu qeyd edən S.Abdullayeva “Google Analytics” vasitəsilə institutun rəsmi www.ict.az saytının son 1 ay üzrə reytinq göstəricilərini təqdim etdi.
S.Abdullayeva sosial medianın monitorinqinin aparılmasının üstünlüklərindən danışdı, Rusiyada və Azərbaycanda İnternet-medianın monitorinqinin aparılması vasitələrini diqqətə çatdırdı. O, həmçinin medianın monitorinq və qiymətləndirilməsi məsələləri ilə məşğul olan Yayım Monitorinqi Beynəlxalq Assosiasiyası, FIBEP Beynəlxalq Federasiyası, Media və Kommunikasiya Siyasəti İnstitutu, Şimal-Şərqi Avropa Media Observatoriyası haqqında məlumat verdi.
İnternet-medianın monitorinqinin aparılması zamanı ölkəmizdə rast gəlinən problemlərdən söz açan məruzəçi monitorinqin aparılmasında pərakəndəliyin mövcud olması, bu sahənin qanunlarla tənzimlənməməsi nəticəsində etimad mühitinin zəif olması, intellektual monitorinq və analiz vasitələrindən az istifadə olunması, İnternet-media resursları üçün milli statistika mexanizmlərinin mövcud olmaması kimi problemlərin həllinin vacibliyini bildirdi.
Sonra çıxış edən akademik Rasim Əliquliyev məruzəyə dair təklif və tövsiyələrini səsləndirdi. Hazırda ölkəmizdə İnternet-media resurslarının monitorinqinin aparılmasının böyük əhəmiyyətə malik olan məsələlərdən olduğunu deyən alim, veb-saytlarda monitorinq sistemindən istifadə olunması, o cümlədən milli veb-statistika mexanizmlərinin yaradılmasının milli təhlükəsizliyin təmin olunması üçün daha geniş imkanlar açacağını vurğuladı. Bildirdi ki, veb-resursların monitorinqi və qiymətləndirilməsinin aparılması sosial psixologiyanın, dil, dini və etnik münasibətlərin müəyyən olunması, veb-saytın işinin yüksək səviyyədə təşkili, jurnalistlərlə işin optimallaşdırılması və s. baxımından vacib məsələlərdəndir.
Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.