Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkələrin "Elektron hökumət"in inkişaf səviyyəsinə görə "United Nations E-Government Survey 2014: E-Government for the Future We Want" yeni reytinq cədvəli dərc edilib.
Azərbaycan "Elektron hökumət"in inkişaf səviyyəsinə görə dünya reytinqində 193 ölkə içərisində 68-ci yeri tutaraq, əvvəlki göstərici ilə müqayisədə 28 pillə irəliləyib. Çin, Türkiyə və Serbiya kimi ölkələri geridə qoyan Azərbaycanın "EGDI" üzrə göstəricisi 0.5472 təşkil edib.
"EGDI" - "Elektron hökumət"in vacib amillərini qiymətləndirən üç əsas göstəricidir: onlayn xidmətlərin genişliyi və keyfiyyəti (Online Service Index, OSI), telekommunikasiya infrastrukturunun inkişaf səviyyəsi (Telecommunication Infrastructure Index, TII) və insan kapitalının həcmi (Human Capital Index, HCI).
Yeri gəlmişkən, Avropa regionu üzrə orta "EGDI" 0,6936, ABŞ regionunda 0,5074, Asiya regionunda 0,4951, dünyada 0,4712 olub. Beləliklə, regional baxımdan ən yüksək "EGDI" göstəricisi Avropadadır.
Humanitar Texnologiyalar Mərkəzinin gtmarket.ru ekspert-analitik portalının məlumatına görə, siyahıda ilk 3 yeri Cənubi Koreya (indeks - 0.9462), Avstraliya (0.9103) və Sinqapur (0.9076) tutub. Liderlər onluğunda sonrakı yerlərdə Fransa (0.8938), Hollandiya (0.8897), Yaponiya (0.8874), ABŞ (0.8748), Böyük Britaniya (0.8695), Yeni Zelandiya (0.8644) və Finlandiya (0.8449) qərarlaşıb. Sonuncu yeri isə Somali (0,0139) tutub.
“E-Government Survey 2014” siyahısında Rusiya 27-ci (indeks 0,7296) yeri tutub. Keçmiş SSRİ respublikalarından reytinq cədvəlində ən yüksək pillədə - 15-ci yerdə Estoniya qərarlaşıb. Digər postsovet ölkələri içərisində Qazaxıstan 28-ci yeri, Latviya 31-ci, Gürcüstan 56-cı, Belarus 55-ci, Ermənistan 61-ci, Moldova 66-cı, Ukrayna 87-ci və Qırğızıstan 101-ci yeri tutub.