AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirildi.
Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın “Yaşıl İT sahəsində problemlər və onların həlli yolları” mövzusuna həsr olunduğunu bildirdi.
Mövzuya dair çıxış edən şöbənin əməkdaşı Orxan Mehdiyev hazırda dünyada geniş yayılmış yaşıl sertifikat haqqında məlumat verdi. Bildirdi ki, əsasən Avropada istifadə olunan bu sertifikat elektrik enerjisinin istehsalı zamanı alternativ enerji mənbələrindən istifadə edən müəssisələrə təqdim edilir.
Ekoloji alternativ enerji mənbələri haqqında məlumat verən məruzəçi buraya Günəş, cazibə qüvvəsi, külək, su enerjisi, bio-yanacaq, hidrogen və s. aid olduğunu qeyd etdi.
O.Mehdiyev dünyada yaşıl İT üzrə fəaliyyət göstərən “IBM”, “Amazon”, “Intel” kimi qabaqcıl şirkətlər və onların “Green Software Strategy”, “Green Asus” təşəbbüsləri, eləcə də Green Grid layihəsi haqqında məlumat verdi. Bildirdi ki, bu təşəbbüs verilənlərin emal mərkəzlərinin enerji efektivliyinin artırılmasını nəzərdə tutur.
Bloom Energy layihəsindən söz açan məruzəçi bildirdi ki, bu layihənin əsas məqsədi enerjini verilənlərin emalı mərkəzlərinin daxilində yaratmaqdır. XXI əsrdə verilənlərin emalı mərkəzlərinin əsas vəzifəsi enerjidən sərbəst şəkildə istifadə və maliyyə xərclərinin kifayət qədər azaldılmasını təmin etməkdir.
O, həmçinin verilənlərin yaşıl emalı mərkəzlərinin inkişaf tendensiyası, onların ölkələr üzrə paylanması, Yaşıl İT üzrə treninq və sertifikatlaşdırılma ilə bağlı bir sıra statistik məlumatları diqqətə çatdırdı.
Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.