AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Öncə çıxış edən AMEA-nın akademik-katibi, institutun direktoru, şöbənin rəhbəri, akademik Rasim Əliquliyev elmi-tədqiqat işlərinin səmərəliyinin artırılması və davamlı olaraq inkişafı baxımından bu kimi seminarların mütəmadi olaraq təşkilinin zəruriliyini vurğuladı. Bildirdi ki, şöbənin illik fəaliyyət planı üzrə qarşıya qoyulmuş vəzifələr ardıcıl olaraq həyata keçirilməli, elmi araşdırmaların nəticəsi kimi məqalələr nəşr olunmalı və bu istiqamətdə gənc kadrlara dəstək göstərilməlidir.
Sonra institutun baş mütəxəssisi İradə Ələkbərova “Sosial etimad krediti sisteminin e-dövlət mühitində rolu” mövzusunda məruzəsini təqdim etdi. O, müasir cəmiyyətdə təbəqələşmə prosesinin səbəblərindən söz açaraq kredit qiymətləndirilməsi, kredit reytinqi və s. terminlər barədə məlumat verdi.
Məruzəçi sosial kredit reytinqinin imkanları və onun qiymətləndirilməsi üçün mövcud modelləri diqqətə çatdıraraq bu gün dünyada geniş istifadə olunan FİCO metodunun xüsusiyyətləri, əhəmiyyəti və perspektivləri haqqında danışdı.
İ.Ələkbərova sosial kredit reytinqinin qiymətləndirilməsində mənfi və müsbət amillər, Çin tərəfindən təklif olunan “Social Credit Score” (SCS) sisteminin imkanları barədə məlumat verdi. O, SCS layihəsinin yaranma tarixi, konseptual modeli və iş prinsipindən söz açaraq qeyd etdi ki, sistemdə istifadə olunan alqoritmdə əsas 5 faktor – kredit tarixi, öhdəliklərin yerinə yetirilmə imkanı, şəxsi informasiya, davranış və maraqlar və sosial məsuliyyət nəzərə alınır.
Məruzəçi, həmçinin sosial kredit reytinqinin qiymətləndirilməsi ilə bağlı mövcud problemlər və perspektivlər haqqında məlumat verdi.
Akademik R. Əliquliyev çıxış edərək müasir dövrümüzdə sosial kredit sistemi ilə əlaqədar tədqiqatların böyük aktuallıq kəsb etdiyini qeyd etdi. Bildirdi ki, sosial kredit sistemi vasitəsilə vətəndaşların qiymətləndirilməsi dünyada gedən proseslər, sosial-iqtisadi hadisələrlə əlaqədar bir çox dövlətlərin diqqətini cəlb edən məsələlərdəndir.
Alim qarşıya qoyulan problemlə əlaqədar dünyada mövcud olan yanaşmaların, intellektual sistemlərin araşdırılmasını və təhlil olunmasını tövsiyə etdi. Həmçinin tədqiqat zamanı riyazi modelləşdirmə metodları və yeni texnologiyaların tətbiqinin zəruri olduğunu vurğuladı.
Daha sonra 17 saylı şöbənin əməkdaşı Gülnar Nəcəfova “E-dövlət mühitində insanların şəxsi münasibətlərinin aşkarlanması metodları” haqqında məruzə ilə çıxış etdi. O, münasibətlərin təsnifatlandırılması, bu məqsədlə istifadə olunan göstəricilər və onların mənbələrinin müəyyən olunması üçün mövcud yanaşmalar haqqında məlumat verdi.
Məruzəçi sosial əlaqələrin vizual təsviri üçün istifadə olunan hazır proqram təminatları, mövqeyə əsaslanan sosial əlaqənin aşkarlanması və filtrləşdirilməsi üçün bəzi yanaşmalar haqqında məlumatları diqqətə çatdırdı.
G.Nəcəfova bildirdi ki, vətəndaşların fərdi məlumatları əsasında münasibətlərin aşkarlanması üçün nəzərdə tutulmuş intellektual sistem satış, kredit və risk dəyərləndirməsi, xaricə çıxış, həmçinin işə götürülmə zamanı tətbiq oluna bilər.
Akademik R.Əliquliyev məruzə ilə əlaqədar bir sıra tövsiyələr verdi. E-dövlət mühitində insanların şəxsi münasibətlərinin aşkarlanması ilə bağlı elmi nəticələrin əldə olunması üçün sosiologiya və qraflar nəzəriyyəsinin öyrənilməsi, sosial şəbəkələrin aşkarlanması ilə əlaqədar mövcud elmi işlərin araşdırılmasının vacibliyini qeyd etdi.
Sonda məruzələr ətrafında geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.