AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın “Blokçeyn texnologiyası: mövcud vəziyyəti, inkişafı və tətbiq sahələri” mövzusuna həsr olunduğunu bildirib.
Məruzəni təqdim edən institutun baş mütəxəssisi Oqtay Ələkbərov blokçeyn texnologiyasının mahiyyəti, perspektivləri, texnoloji əsasları və tətbiq sahələri haqqında ətraflı məlumat verib. Bildirib ki, blokçeyn müxtəlif məlumat tərkibli blokların bir-biri ilə kriptoqrafik birləşməsindən formalaşan zəncirlər qrupunun “Paylanmış Hesablar Sistemi”dir. Onun sözlərinə görə, bu termin ilk dəfə 1991-ci ildə istifadə olunsa da, blokçeyn nəzəriyyəsinin əsası 2000-ci ildə Stefan Konst tərəfindən qoyulub.
Blokçeyn texnologiyasının prinsipləri haqqında məlumat verən məruzəçi bu texnologiyanın şəbəkə genişliyi, yüklənmələrin paylanması, təhlükəsizlik, məxfilik, hüquqların qorunması və s. prinsiplərinin olduğunu diqqətə çatdırıb.
O, həmçinin blokçeynin strukturu, iş prinsipi, bu texnologiyanın tətbiq sahələri barədə danışıb. Blokçeynin maliyyə, e-hökümət, səhiyyə, sığorta, energetika, təhsil, xidmət, idman, əyləncə və digər sahələrdə geniş tətbiq olunduğunu bildirib.
Məruzə ətrafında fikir mübadiləsi aparılıb, sual və təkliflər səsləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.