20 aprel 2018-ci il tarixdə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsi və Beynəlxalq əlaqələr idarəsinin veb-saytlarının təqdimatı keçirildi.
Rəyasət Heyətində baş tutan tədbirdə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü, AMEA Elm və təhsil idarəsinin rəisi Əminağa Sadıqov, Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, eləcə də bu qurumların məsul şəxsləri və əməkdaşları iştirak edirdilər.
Öncə çıxış edən akademik Rasim Əliquliyev institutun mütəxəssisləri tərəfindən hazırlanmış hər iki saytın AR Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə və AR Xüsusi Dövlət Mühafizə Xidmətinin tələblərinə uyğunlaşdırıldığını, təhlükəsizliyin tam şəkildə təmin olunduğunu qeyd etdi.
R.Əliquliyev veb-saytların müasir tələblər əsasında yaradıldığını diqqətə çatdıraraq AMEA-da elm və təhsil sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyətinin önə çəkilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsində hər iki resursun mühüm rol oynayacağına əminliyini ifadə etdi.
Sonra İnformasiya Texnologiyaları İnstitutunun proqramçısı Sərxan Yolçuyev Elm və Təhsil idarəsinin veb-saytını təqdim etdi. Bildirdi ki, 3 dildə (Azərbaycan, ingilis, rus) fəaliyyət göstərəcək sayt “Ana səhifə”, “İdarə haqqında”, “Rəsmi sənədlər”, “Xəbərlər”, “Elanlar”, “Əlaqə” və s. bölmələrindən ibarətdir. Saytın “Qalereya” bölməsində akademiyada təşkil olunan mühüm tədbirləri əks etdirən foto və video materialların yerləşdirilməsi nəzərdə tutulur. Həmçinin burada geniş axtarış sistemi və sosial şəbəkələrə keçidlər yer alıb.
AMEA-da son dövrlər əsaslı islahatlar aparıldığını söyləyən AMEA-nın müxbir üzvü Əminağa Sadıqov elmi müəssisə və təşkilatların veb-saytlarının yaradılmasının bu islahatların yeni bir mərhələsi olduğunu vurğuladı.
Alim son illər rəhbərlik etdiyi idarədə həyata keçirilən mühüm tədbirlərin elmi ictimaiyyətə çatdırılması zərurətinin ortaya çıxdığını, bu məqsədlə qurumun veb-saytının yaradılmasının xüsusi əhəmiyyət kəsb etdiyini dedi. Onun sözlərinə görə, idarənin veb-saytının fəaliyyətə başlaması qurumda informasiya dəstəyi funksiyasını yerinə yetirəcək.
Ə.Sadıqov veb-saytın yaradılmasında göstərdikləri köməyə görə akademik Rasim Əliquliyevə və institutun əməkdaşlarına öz təşəkkürünü bildirdi.
Beynəlxalq əlaqələr idarəsinin veb-saytını təqdim edən S.Yolçuyev bu resursun 3 dildə (Azərbaycan, ingilis və rus) fəaliyyət göstərəcəyini qeyd etdi. Bildirdi ki, veb-sayt “Ana səhifə”, “Sənədlər”, “Xəbərlər və Elanlar”, “Təşkilatlar”, “Akademik qurumlar” və s. bölmələrdən ibarətdir. Saytda həmçinin beynəlxalq proqramlar, ərizə formaları, “Horizon 2020” bölmələri, geniş axtarış sistemi, sosial şəbəkələrə keçidlər yer alıb.
İdarənin rəhbəri Esmira Əlirzayeva çıxış edərək veb-saytın üstünlüklərindən söz açdı. Onun dizayn, proqram və informasiya təminatı baxımından yüksək səviyyədə hazırlandığını qeyd edərək institutun əməkdaşlarına təşəkkürünü bildirdi.
Daha sonra Elm və Təhsil idarəsinin əməkdaşı Turan İsazadəyə Elm və təhsil idarəsinin veb-saytının, Beynəlxalq əlaqələr idarəsinin əməkdaşları Məlahət Qurbanova və Raifə Əhmədovaya Beynəlxalq əlaqələr idarəsinin veb-saytının idarə olunması üzrə təlim kursunu müvəffəqiyyətlə başa vurduqlarına görə AMEA İnformasiya Texnologiyaları İnstitutunun sertifikatları təqdim olundu.
Sonda veb-saytın istismarına dair fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.