Neyroşəbəkə əsasında ilk oflayn tərcüməçi təqdim edilib

23 Aprel 2018 - 11:37 | Texnoloji yeniliklər
Neyroşəbəkə əsasında ilk oflayn tərcüməçi təqdim edilib

“Microsoft” şirkəti neyroşəbəkə alqoritmləri əsasında işləyən və İnternetə qoşulmanı tələb etməyən oflayn tərcüməçini təqdim edib.

İstehsalçıların sözlərinə görə, İnternetə qoşulmadan tərcümə üçün bir çox avtonom proqram mövcud olsa da, onlarda tərcümənin keyfiyyəti istənilən səviyyədə deyil. Neyroşəbəkə alqoritmlərinə əsaslanan proqramların tərcüməsi isə daha dəqiqdir.

hi-news.ru saytının məlumatında bildirilir ki, “Microsoft Translator”un tamamlanmış versiyası ərəb, Çin (sadələşdirilmiş), fransız, alman, italyan, yapon, koreya, portuqal, rus, ispan və tay dilləri üçün yenilənmiş neyroşəbəkə dil paketlərini dəstəkləyir. Tərcümənin keyfiyyəti digər proqramlarla müqayisədə orta hesabla 23 faiz artıb.

Qeyd edək ki, neyroşəbəkə tərcüməsi funksiyası 2017-ci ilin payız aylarında, lakin yalnız neyroşəbəkə hesablamaları üçün ayrılmış çipə malik bəzi qurğularda əlçatan idi, həm də daim İnternetə qoşulmanı tələb edirdi. Yenilənmiş versiyanı tezliklə IOS və Android sistemləri üçün proqram mağazalarında yükləmək mümkün olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.