Xərçəngin diaqnostikası üçün əlavə reallıq mikroskopu yaradılıb

19 Aprel 2018 - 10:09 | Texnoloji yeniliklər
Xərçəngin diaqnostikası üçün əlavə reallıq mikroskopu yaradılıb

“Google” korporasiyasının mütəxəssisləri süni intellekt və əlavə reallıq texnologiyası əsasında xərçəng xəstəliyini dəqiq diaqnostika edə bilən “ağıllı” mikroskopu təqdim ediblər.

“Google Brain” şöbəsinin alimləri tərəfindən hazırlanmış yeni qurğu süni intellekt və əlavə reallıq texnologiyasından başqa, bu texnologiyalarla işləməsi üçün bir qədər dəyişdirilmiş standart optik işıq mikroskopuna əsaslanır. Mikroskopun müasirləşdirilməsi üçün mühəndislər okulyar və obyektivin arasında iki modul yerləşdiriblər. Birinci modul fotomatris üzərində işığın bir hissəsini əks etdirən yarımşəffaf güzgüdən istifadə edir, ikinci isə əldə olunmuş təsviri proyeksiya edir və onu araşdırılan nümunənin təsviri üzərinə qoyur.

hi-news.ru saytının məlumatına görə, texnologiya istənilən qismən təchiz edilmiş tibbi laboratoriyada tətbiq edilə bilər. Platforma real vaxt rejimində təsvirləri analiz etməyə və tədqiq edilən hüceyrələrin tanınmasının nəticələrini təqdim etməyə imkan verir. Təsvirin yenilənməsinin tezliyi saniyədə 10 kadr təşkil edir ki, bu da diaqnostika üçün kifayət edir. Alqoritm maşın görməsi və maşın təlimi texnologiyalarına əsaslanır.

“Google” mütəxəssislərinin sözlərinə əsasən, yeni diaqnostika metodunu istənilən onkoloji patologiyaların aşkar edilməsi üçün tətbiq etmək olar. Lakin hazırda qurğu limfa düyünlərində süd vəzi xərçənginin metastazlarını müəyyən edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.