Gözlərin avtonom diaqnostikası üçün neyroşəbəkəyə əsaslanan “IDx-DR” qurğusu hazırlanıb. ABŞ-ın Qida məhsulları və dərmanların keyfiyyətinə sanitar nəzarət idarəsi ondan istifadəyə icazə verib.
robo-hunter.com saytının məlumatına görə, qurğunun iş prinsipi sadədir: tibb işçisi pasiyentin gözünün torlu qişasının xüsusi kameranın köməyilə çəkilmiş şəkillərini yükləyir. Süni intellekt nəticə almaq üçün fotonun kifayət qədər keyfiyyətli olub-olmadığını müəyyən edir. Sonra o, təsviri təhlil edərək pasiyentdə diabetik retinopatiyanın olub-olmadığını aşkar edir. Bu xəstəlik diabetin korluğa səbəb ola biləcək ağırlaşmasıdır. Diabetik retinopatiya qanda şəkərin səviyyəsinin yüksəlməsinə görə gözün torlu qişasının damarları zədələndikdə meydana çıxır.
Kliniki sınaqlar göstərib ki, “IDx-DR” sistemi 900-dən çox təsviri analiz edərək retinopatiyanı 87 faiz, bu xəstəliyin olmadığı şəxsləri isə 90 faiz dəqiqliklə müəyyən edə bilib.
“Proqram təminatının unikallığı avtonom işləməsindədir. Bu texnologiyadan tibb bacısı və ya göz xəstəlikləri üzrə mütəxəssis olmayan həkim də istifadə edə bilər ki, bu da diaqnozun qoyulmasını sadələşdirir. Beləliklə, pasiyentlər oftalmoloqun onları müayinə edərək diaqnoz qoymasını gözləməli olmayacaqlar”, – deyə ideya müəllifi Maykl Abramov bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.