-Əli müəllim, 2013-cü il Azərbaycanda "İKT ili" elan olunub. Bununla bağlı fikirlərinizi bilmək istərdik...
-"Elm və texnologiyalar əsri" adlandırılan XXI əsrdə hər bir dövlət yüksək texnologiyaların qlobal iqtisadiyyatda tutduğu mövqenin əhəmiyyətini çox gözəl anlayır. Məhz bu mövqeyinə görə bu gün ən qlobal missiyalar, ən güclü layihələr texnologiyalara söykənilərək həyata keçirilir. Hazırda bu texnologiyaların nüfuz dairəsindən kənarda heç bir sahəni təsəvvürə belə gətirmək mümkün deyil.
Bu gün qlobal iqtisadi inkişafın gələcəyini müəyyənləşdirən texnologiyalar dünyanın ən aparıcı dövlətlərinin həyata keçirdikləri siyasətlərdə əsas xətti təşkil edir. Sürətlə yayılmaqda olan informasiya və kommunikasiya texnologiyaları və onların fonunda formalaşaraq yeni inkişaf vüsəti qazanan qloballaşma prosesləri ölkələrin sosial-iqtisadi həyatına birbaşa təsir göstərməkdədir.
Təsadüfi deyil ki, artıq dövlətlərin iqtisadi üstünlüyü də məhz texnologiyalara yiyələnmə, onları mənimsəmə gücünə əsaslanır. Bir sözlə, iqtisadi qüdrəti müəyyən edən meyarların, qazanılan makro və mikro iqtisadi göstəricilərin önündə bu gün məhz həmin ölkələrdə informasiya-kommunikasiya texnologiyalarının tutduğu yer və onun inkişafı dayanır.
Texnoloji proseslərin, innovasiyaların insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, yenilik baxımından müasir dünyamızın əsas tələbinə çevrildiyi belə bir mühitdə ölkəmiz də qlobal çağırışlardan kənarda qalmayıb. Bu reallıqları əsas tutaraq, respublika prezidenti İlham Əliyev 2013-cü ili Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edib.
Bununla bağlı verilən sərəncamla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə 2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsinə dair "Tədbirlər Planı"nı hazırlayıb, bir ay müddətində Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
Sərəncamın icrasından dərhal sonra nazirlikdə bu istiqamətdə işlərə başlanılıb. Belə ki, sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə rabitə və informasiya texnologiyaları nazirinin əmri ilə yaradılmış İşçi Qrup artıq fəaliyyətdədir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, biznes sektoru və vətəndaş cəmiyyəti üzvlərinin daxil olduğu İşçi Qrupun ilk iclası keçirilib. Hazırlanacaq "Tədbirlər Planı"nda əks olunacaq tədbirlərin müəyyənləşdirilməsi zamanı dövlət və qeyri-dövlət qurumlarının, ictimai təşkilatların və vətəndaşların rəy və təkliflərinin nəzərə alınması əsas prinsip götürülüb. Artıq bununla bağlı təkliflərin verilməsi üçün bu sahədə çalışan müxtəlif qurumlara nazirlik tərəfindən məktubla müraciət olunub, vətəndaşlardan təkliflərin toplanılması üçün nazirlikdə "qaynar xətt" yaradılıb. Təkliflər toplanılaraq İşçi Qrup tərəfindən müzakirə edildikdən sonra məqsədəuyğun hesab edilən təkliflər "Tədbirlər Planı"na daxil ediləcək və hazırlanmış yekun layihə müvafiq qaydada təqdim olunacaq.
- ”İKT ili”ndə hansı irimiqyaslı layihələrin həyata keçirilməsi nəzərdə tutulur?
- Bu gün RİTN ölkəmiz üçün strateji əhəmiyyəti olan böyük transmilli layihələrdə iştirakını, eləcə də mühüm layihələrin icrasını da davam etdirir. Ölkə rəhbəri tərəfindən İKT-nin prioritet sahə elan edilməsi "İKT sahəsində böyük layihələrin başlanğıc ili" adlandırılan 2013-cü ilin Azərbaycanın rabit