Dronlar gündəlik həyatımızda gün keçdikcə daha çox sahələrdə tətbiq olunur. Mütəxəssislər güman edirlər ki, tezliklə pilotsuz uçuş aparatları insan həyatının ayrılmaz hissəsinə çevriləcək.
aerozone.space saytının məlumatında bildirilir ki, son zamanlar dünya ölkələrində dronlardan istifadəyə görə inzibati məsuliyyət məsələsi böyük aktuallıq kəsb edir. Müxtəlif ölkələrdə dronlardan istifadəyə dair müxtəlif qanunlar qüvvədədir.
Böyük Britaniya
Böyük Britaniyanın Hitrou aeroportunda dronun A320 aerobusu ilə toqquşma təhlükəsi nəticəsində hakimiyyət pilotsuz uçuş aparatlarını potensial təhlükə kimi qəbul edərək bir neçə qanun qəbul etdilər. Belə ki, Böyük Britaniyada maksimum 122 metr hündürlükdə kopterlərdən istifadə etmək olar. Şəxsi həyatın mühafizəsi ilə əlaqədar olaraq, dronların obyektə (insan, tikinti və s. ) maksimum yaxınlığı 50 metr təşkil edir. Sıx məskunlaşmış ərazilər və ya böyük insan qruplarından uzaqlıq 150 metr kimi müəyyənləşdirilib. Üstəlik, kopter istifadəçiləri dronlardan kommersiya məqsədlərilə istifadəyə dair icazəyə malik olmalıdır.
Fransa
Fransa hələ 2012-ci ildə dünyada ilk dəfə olaraq, pilotsuz təyyarələrə qanun çərçivəsində nəzarət etməyə başlamışdır. Ölkədə dronlar iki kateqoriyaya bölünür: birinci kateqoriya həvəskarlar üçün nəzərdə tutulmuş dronlardır. Bu aparatları insanların məskunlaşdığı ərazilərdə gecə vaxtı 150 metrdən çox hündürlükdə istifadə etmək qadağandır.
İkinci kateqoriya dronların peşəkar istifadəçilərinə aiddir. Bu kateqoriyaya daxil olan dron istifadəçiləri öz fəaliyyəti ilə bağlı mülki aviasiya idarəsini xəbərdar etməli, material və ehtiyat hissələrini qeydiyyatdan keçirməli, eləcə də insanların yaşadığı ərazilərin üzərindən uçuş üçün icazə almalıdır.
Almaniya
Almaniyada dronlardan hər yerdə istifadə etmək olar. Əgər siz:
5 kq-dan kiçik drona sahibsinizsə;
Uçuş zamanı dron vizual olaraq nəzarətdədirsə;
Uçuşla heç kəsə mane olmursunuzsa.
Almaniyada insanlar, küçələr və binalar üzərindən uçmaq olmaz. Əgər dronun çəkisi 25 kq-dan çoxdursa, bunun üçün lisenziya tələb olunur.
İtaliya
İtaliyada dronlardan istifadə etmək üçün müvafiq orqanlarda qeydiyyatdan keçmək vacibdir.
İndoneziya
İndoneziyada drona xüsusi icazə olmadan sahib olmaq qadağandır. Bu aparatlardan qanunsuz istifadəyə görə, 400 milyon rupiyə qədər (təxminən 120 min AZN) cərimə nəzərdə tutulur.
Tailand
Tailandda dronlardan istifadə etmək olmaz. Məmurların fikrincə, pilotsuz təyyarələr hava hərəkətinin təhlükəsizliyi və milli təhlükəsizliyin təmin olunması baxımından böyük təhlükə yaradır. Dronlardan icazəsiz istifadəyə görə, 40 min bat (təxminən 2 501 manat) məbləğində cərimə və ya 1 il müddətinə azadlıqdan məhrum edilmə nəzərdə tutulur.
Antarktida
Antarktida tur operatorları beynəlxalq assosiasiyası bütün turistlərə ekologiyanı nəzərə alaraq Antarktida ərazisində dronlardan istifadəni qadağan edir.
ABŞ
ABŞ-da dronların səbəb olduğu 700 hadisədən sonra, bu aparatların qeydiyyatı məcburi hesab edilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.