AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında "Buludların dinamik federallaşması üçün müştərək risk qiymətləndirilməsi üsulunun işlənməsi" mövzusu ilə bağlı müzakirələr aparıldı.
İnstitutun elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Fərqanə Abdullayeva öncə federallaşma anlayışı barədə məlumat verdi. Bildirdi ki, qədim Roma dövrünə aid olan bu söz "müqavilə əsasında birləşmiş tayfa” və ya “ittifaq” mənasını verir. Dövlətlərin federallaşması (federation of states), buludların federallaşması (cloud federation), identifikasiyaların federallaşması (Identity federation) federallaşma termininin digər nüfuz dairələridir.
Qeyd etdi ki, bulud texnologiyalarının əsas prinsiplərinə federallaşma, avtonomluq, izolyasiya, elastiklik, biznes məqsədlilik və s. daxildir. İnformasiya təhlükəsizliyi problemləri, informasiyanın gizlilik və interoperabellik problemləri identifikasiyaların federallaşmasının mövcud problemlərindəndir.
Məruzəçi, həmçinin analitik iyerarxiyalar prosesi metodu, mamdani tipli qeyri-səlis məntiqi çıxarış alqoritmi və təklif edilən metodun eksperimental tədqiqinə dair məlumatları diqqətə çatdırdı. Buludların risk qiymətləndirilməsi üçün Simulink modeli seminar iştirakçılarına təqdim etdi.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, təklif və tövsiyələr səsləndirildi.