600 il boyunca 10 TB-a qədər məlumat saxlamaq imkanına malik optik disklər

29 Mart 2018 - 14:00 | Maraqlı məlumatlar
600 il boyunca 10 TB-a qədər məlumat saxlamaq imkanına malik optik disklər

Avstraliyanın RMIT Universiteti və Çinin Vuhan Texnologiya İnstitutunun tədqiqatçıları böyük həcmli məhsuldar optik disklərin yeni növünü hazırlayıblar. Bir disk 10 TB-a qədər məlumatı saxlamaq və altı yüz il boyunca bu məlumatların tamlığını təmin etmək imkanına malikdir. Optik diskin göstəriciləri mövcud texnologiyaların informasiya həcmini dörd dəfə, onun saxlanılma müddətini isə 300 dəfə ötür.

nanonewsnet.ru saytının məlumatına görə, materiala nanoplazmalı hibrid şüşə matrisin yaradılması üçün uzadılmış formaya malik qızıl nanozərrəcikləri daxil edilmişdir.

Yeni sistem məlumatları üç adi məkan ölçüsü və iki əlavə ölçü olmaqla, beş ölçüdə saxlamağa imkan verir. İnformasiyanın yazılması və saxlanılması üçün çoxrəngli kodlaşdırma texnologiyası istifadə olunur.

Bu texnologiya müasir informasiya mərkəzlərinin effektivliyini artırmağa imkan verəcək. Çünki  optik sistemlər sərt disklər əsasında olan sistemə nisbətən orta hesabla min dəfəyədək daha az enerji tələb edir.

“Bu texnologiyanın tətbiqi gələcəkdə astronomiya, geologiya, biologiya və tarix sahəsində tədqiqatların aparılması zamanı istifadə edilən informasiyanın böyük massivlərinin saxlanılması problemini həll etməyə imkan verəcək”, – tədqiqatçılar bildirir.

Bundan başqa, yeni texnologiya yüksək temperatur, təzyiq və radiasiyanın təsirinə qarşı davamlıdır ki, bu da təbii və texnogen mənşəli istənilən kataklizmlər zamanı məlumatların tamlığını təmin etməyə imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.