Çin alimləri 6-cı nəsil rabitə standartı üzərində işə başlayıblar. Bu haqda Çinin Sənaye və İnformasiyalaşdırma naziri Myao Vey məlumat verib.
Nazirin sözlərinə görə, Əşyaların İnternetinin inkişafı mobil rabitə texnologiyaları imkanlarının genişləndirilməsi ilə eyni vaxtda həyata keçirilməlidir. Sürətli texnoloji inkişaf yalnız mobil rabitə vasitəsilə insanlar arasında ünsiyyət yaradılmasını deyil, həm də insan və kompüter, həmçinin kompüterlər arasında qarşılıqlı əlaqəni təmin edir. Bu, bəşəriyyətin gələcəyidir.
“Əşyaların İnternetinin müxtəlif istiqamətləri, xüsusilə də sürücüsüz nəqliyyat vasitələrinin istehsal və tətbiqi üçün müəyyən vaxt tələb olunur. Biz təhlükəsizliyin təmin edilməsinə böyük önəm veririk”, – deyə Myao Vey bildirib.
news.rambler.ru saytının məlumatında bildirilir ki, Çin hazırda, həmçinin 5G rabitə standartı texnologiyası üzərində aktiv iş aparır. Ən böyük yerli operatorlar öz tərəfdaşları ilə birgə 5-ci nəsil rabitə standartı üçün əsas stansiya və müxtəlif qurğuları sınaqdan keçirirlər. Bu rabitə standartı informasiyanın ötürülməsi sürətini saniyədə 1 qiqabaytadək yüksəldəcək ki, bu da məlumatların ötürülməsi üzrə mövcud standartlardan 20-50 dəfə daha sürətlidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.