Qərbi Texasda yerləşən “Blue Origin” kosmodromunun yanındakı qayada ən azı 10 min il ərzində işləyəcək böyük, tamamilə mexaniki saatın quraşdırılması işlərinə başlanıb. Bu haqda layihənin reallaşdırılmasına 42 milyon dollar xərcləmiş “Amazon” şirkətinin baş direktoru Ceff Bezos bildirib.
hitech.vesti.ru saytının məlumatına görə, “əbədi” mexanizmin yerləşdirildiyi 152 metrlik şaxta bir neçə il öncə qazılıb və onun ətrafında spiral pilləkən yerləşdirilib. Saatın sistemi günəş enerjisinin hesabına hərəkətə gətiriləcək.
Bəşəriyyətin və planetin gələcəyi haqqında düşünməyə vadar edən 10 min yaşlı saatın ideyasını 1995-ci ildə mühəndis Denni Hillis təklif edib. Onun təklifi C.Bezos tərəfindən maliyyələşdirilən fondun layihəsinə çevrilib.
Bildirilir ki, ziyarətçilər üçün açıq olan saata gedib çatmaq bir qədər çətin olacaq. Saata ən yaxın aeroport maşın vasitəsilə bir neçə saat məsafədədir. Bundan sonra isə ziyarətçilər 600 metrlik yoxuşu piyada dırmanmalıdırlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.