Massaçusets Texnologiya İnstitutunun (ABŞ) mühəndisləri atmosferdən elektrik istehsal etmək imkanına malik qurğu hazırlayıblar.
Bu qurğu ətraf mühitin temperaturunun gündəlik “oynamaları” əsasında işləyir. Əgər gündüz və gecə temperatur fərqi 10 dərəcə Selsi təşkil edərsə, bu zaman o, 1,3 mVt enerji və 350 mV potensial istehsal edir. Bu enerji sadə tənzimləyicilər və əlaqə vasitələrinin işlərini təmin etmək üçün kifayət edir.
Qurğu qrafen qatıyla örtülmüş və xüsusi mum ilə doldurulmuş mis və nikeldən ibarət metal köpükdən hazırlanmışdır. Cihazın bir tərəfi istini ayırır, digər tərəfi isə onu toplayır. Temperaturların bu kimi “tərəddüdləri” elektrik enerjisi istehsal etməyə imkan verir. Alimlər bildirirlər ki, bu istilik rezonatoru ən yüksək istilik ətalətinə malikdir.
mir24.tv saytının məlumatına görə, yaxın zamanlarda alimlər mobil qurğuları, həmçinin smartfonları enerji ilə yükləmək imkanını təmin etmək üçün cihazın gücünün artırılmasına yönəldilmiş tədqiqatlar aparmaq niyyətindədirlər. Mütəxəssislər əmindirlər ki, gələcəkdə istilik rezonatoru kənar regionları elektrikləşdirməyə kömək edəcək.
Qeyd edək ki, ötən ilin payızında “Enerji” raket-kosmik korporasiyası lazer şüasının köməyi ilə mobil telefonun enerji ilə yüklənməsi üzrə sınaqlar keçirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.