İsveçrənin “DFINITY” şirkətinin mütəxəssisləri istifadəçilərin kompüterlərini xüsusi “İnternet-kompüter”ə çevirərək onları vahid desentralizasiya olunmuş bulud platformasına birləşdirməyə imkan verən açıq protokolun yaradılması üzərində çalışırlar.
hi-news.ru saytının məlumatına görə, istehsalçılar “Amazon”, “Google” və “Microsoft” kimi şirkətlərin bulud xidmətləri ilə rəqabət aparmağı planlaşdırırlar. Sistemə qoşulmuş kompüterlər öz mayninq güclərini şirkətin tokenlərində müəyyən məbləğ müqabilində paylaşa biləcəklər.
İstehsalçılar bildiriblər ki, “DFINITY” şəbəkəsinə qoşulacaq bütün istifadəçiləri açıq protokolun köməyilə birləşdirərək İnterneti güclü hesablama mərkəzinə çevirə bilən sistem yaratmaq niyyətindədirlər. Beləliklə, kompüterlərdən ibarət şəbəkə maksimal təhlükəsizlik və rəqabətədavamlı qiymətlərə zəmanət verərək bulud platformasının funksiyalarını yerinə yetirə biləcək. Bu platforma əsasında desentralizasiya olunmuş proqramlar yaratmaq mümkün olacaq. Bunun üçün “bulud 3.0” yaradıcıları xüsusi alətlər dəsti hazırlayacaqlar.
Artıq layihəyə təxminən yüz milyon dollar cəlb edilib. Platformanın beta-versiyasının 2018-ci ilin sonunda təqdim olunması nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.