AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və institutun sektor müdiri Oqtay Ələkbərovun həmmüəllifi olduqları “Effective use Method of Cloudlet Resources by Mobile Users” (Mobil istifadəçilərin cloudletlərin resurslarından səmərəli istifadəsi metodu – DOI: 10.5815/ijcnis.2018.02.06) adlı məqalə “International Journal of Computer Network and Information Security” (IJCNIS) jurnalında dərc olunub.
Məqalədə mobil bulud texnologiyaların arxitekturası araşdırılmış, bu texnologiyanın üstünlükləri və istifadəsi zamanı meydana çıxan problemlər təhlil edilmişdir. İyerarxik strukturlu mobil hesablama buludlarının ikinci səviyyəsində cloudletlər əsasında şəbəkə infrastrukturunun yaradılması məsələləri analiz edilmiş, eyni zamanda bu texnologiyadan istifadə etməklə mobil avadanlıqların hesablama və yaddaş resurslarına olan təlabatının təmin edilməsi məsələləri tədqiq edilmişdir. Məqalədə naqilsiz şəhər miqyaslı şəbəkələrin baza stansiyalarının yaxınlığında yerləşdirilən cloudletlərin əlaqələndirilməsi məsələsinin bir həlli verilmişdir.
Həmçinin mobil hesablama buludlarında cloudletlərdən səmərəli istifadə ediməsi məqsədilə onlar arasında əlaqə kanallarının sayı müəyyənləşdirilmişdir. Cloudletlərin əhəmiyyətini təyin edən mümkün qiymətlərdən istifadə etməklə zəruri proqram əlavələrinin hansı cloudletə yüklənməsi üçün şərtlər araşdırılmış və metod təklif edilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.