"Facebook" sosial şəbəkəsi yaxın gələcəkdə "Like" düyməsi də daxil olmaqla, istifadəçilərin kənar saytlarda fəaliyyəti haqqında məlumatlardan istifadə etmək niyyətindədir. Şirkətin məlumatına görə, əsas məqsəd sosial şəbəkədə reklam tarqetinqini həyata keçirməkdir.
"Like" düyməsi və digər kod elementlərinin köməyilə Facebook bir çox veb-saytlar və mobil proqramlara inteqrasiya edilib. Bu da sosial şəbəkəyə onun istifadəçilərinin əsasən hansı sayta daxil olmaları, hansı proqramı yükləmələri və hansı veb-kontentlə maraqlanmaları barədə məlumatları toplamağa imkan verir.
"Hələ ki, Facebook-da nə etdiyiniz, hansı səhifələrə üzv olduğunuz bizə sizin maraqlarınız haqqında öyrənməyə imkan verir. Lakin tezliklə ABŞ-dan başlayaraq, biz reklam tarqetinqi üçün sizin istifadə etdiyiniz proqramlar və veb saytlardan olan məlumatlardan da yararlanacağıq" - deyə Facebook-dan bildiriblər.
lenta.ru saytının məlumatına görə, reklam tarqetinqi üçün saytlarda istifadəçilərin davranışı bir çox internet-şirkətlər tərəfindən izlənilir. Bildirilir ki, istifadəçi reklam üçün öz məlumatlarından istifadədən imtina etmək hüququna da malikdir. Bunu məşhur brauzerlərin əksəriyyətində, həmçinin iOS və Android əməliyyat sistemləri əsasında işləyən mobil telefonların sazlamalarında etmək mümkündür.