Dissertasiya şurasının növbəti iclası keçirildi

02 Fevral 2018 - 17:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdindəki Dissertasiya şurasının növbəti iclası keçirildi.

Dissertasiya şurasının sədri, AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyevin sədrliyi ilə keçirilən iclas 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə Gülnarə Abbasovanın “Qeyri-hamar relyefli ərazilərdə maye təchizatı sistemlərinin optimal idarəetmə model və alqoritmlərinin işlənməsi” və İradə Ələkbərovanın “Viki-mühitdə informasiya müharibəsi texnologiyalarının analizi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda təqdim etdikləri dissertasiya işləri üzrə rəsmi opponentlərin, aparıcı təşkilatların və müdafiə tarixinin təyin edilməsi məsələlərinə həsr olunmuşdu.

İclasda AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova və texnika üzrə fəlsəfə doktoru, dosent Nizami Cəfərov iddiaçı G.Abbasovanın dissertasiya işi üzrə rəsmi opponent təyin olundular. Digər təyinata əsasən, texnika üzrə elmlər doktoru, professor Nadir Ağayev və texnika üzrə fəlsəfə doktoru Lalə Kərimova iddiaçı İ.Ələkbərovanın dissertasiya işi üzrə rəsmi opponent oldular.

Həmçinin G.Abbasovanın dissertasiya işi üzrə Bakı Dövlət Universitetinin “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrası, İ.Ələkbərovanın dissertasiya işi üzrə isə Azərbaycan Texniki Universitetinin “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrası aparıcı təşkilat kimi təsdiq olundu. 

Dissertasiya işlərinin müdafiəsi 16 mart 2018-ci il tarixinə təyin edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.